Ombudsman 1918ci il Azərbaycanlıların Soyqırımının 100cü ildönümü ilə əlaqədar bəyanat verib


Digərləri 16 Mar 2018 14:25:00 312 0

Ombudsman 1918ci il Azərbaycanlıların Soyqırımının 100cü ildönümü ilə əlaqədar bəyanat verib

İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) 1918-ci il Azərbaycanlıların Soyqırımının 100-cü ildönümü ilə əlaqədar bəyanat verib.

Son.az Trend-ə istinadən xəbər verir ki, bəyanatda deyilir:

"Azərbaycanlılara qarşı ermənilər tərəfindən 1918-ci il mart-aprel aylarında törədilmiş soyqırımından 100 il ötür. Xalqımızın məruz qaldığı qanlı faciələr sırasında bu soyqırımı özünün ağır və dəhşətli nəticələri ilə seçilir.

Erməni millətçilərinin və onların havadarlarının azərbaycanlılara qarşı iki əsrdən artıq müddətdə məqsədyönlü şəkildə həyata keçirdikləri soyqırımı, etnik təmizləmə və deportasiya siyasətinin məqsədi soydaşlarımızı öz tarixi torpaqlarından didərgin salmaq və bu ərazilərdə mifik "Böyük Ermənistan" dövləti yaratmaq olmuşdur. XIX əsrin əvvəllərindən başlayaraq, tarixi Azərbaycan torpaqları olan Qarabağa, Naxçıvana, Zəngəzura, İrəvan quberniyasına və digər bölgələrə İran və Türkiyədən minlərlə erməni ailəsi köçürülmüşdür.

Həmin siyasətin qanlı tərkib hissələrindən biri də 1918-ci ildə azərbaycanlıların soyqırımı olmuşdur.

1918-ci ilin mart ayından etibarən silahlı daşnak-bolşevik dəstələri, erməni millətçiləri tərəfindən dinc azərbaycanlı əhali yalnız milli və dini mənsubiyyətinə görə xüsusi qəddarlıqla qırğına məruz qalmış, insanlar diri-diri yandırılmış, nadir tarixi və mədəniyyət abidələri, xəstəxanalar, məktəblər, məscidlər və qəbiristanlıqlar dağıdılmışdır.

31 mart və 1-2 aprel 1918-ci il tarixlərində Bakı şəhərində, habelə Bakı quberniyasına daxil olan digər şəhər və qəzalarda törədilən qırğınlar kütləvi şəkil almış, erməni dəstələri 30 mindən çox dinc sakini amansızcasına qətlə yetirmişlər. Bu zaman bir çox qədim binalar, o cümlədən dünya memarlığının incilərindən sayılan İsmailiyyə binası, ziyarətgahlar top atəşinə tutularaq dağıdılmış, Cümə və Təzəpir məscidlərinin minarələri ağır zədə almışdır.

Daha sonra Şamaxı, Quba, Kürdəmir və Salyan qəzalarında, Qarabağ, Zəngəzur, Naxçıvan, İrəvan, Şirvan, Lənkəran və digər bölgələrdə xüsusi qəddarlıqla soydaşlarımıza qarşı soyqırımı və talanlar həyata keçirilmişdir.

Bu hadisələr zamanı Şamaxının 70-dən çox kəndi tamamilə məhv edilmiş, 7000 nəfər öldürülmüşdür. Tarixi mənbələrdə göstərildiyi kimi, Şamaxıya hələ mart ayının ortalarında 2000 erməni əsgərinin və 60 maşına yüklənmiş silah-sursatın göndərilməsi buradakı qırğına əvvəlcədən hazırlıq görülməsinin sübutudur. Quba qəzasında 122 kənd, Lənkəran qəzasında 40-a yaxın kənd dağıdılmış və yandırılmış, çoxsaylı evlər talan edilmiş, yüzlərlə günahsız insan, o cümlədən qadın və uşaqlar qətlə yetirilmişdir.

Aradan uzun illər keçsə də, o qanlı hadisələr unudulmayıb və xalqımızın qan yaddaşında silinməz izlər qoyub.

Bu il 100 illiyini qeyd etdiyimiz Azərbaycan Xalq Cümhuriyyətinin hökuməti ermənilərin törətdikləri ağır cinayətlərin araşdırılması üçün Fövqəladə İstintaq Komissiyası yaratmış, komissiyanın üzə çıxardığı həqiqətlərin xalqın yaddaşında hifz edilməsi və dünya ictimaiyyətinə çatdırılması üçün bir sıra tədbirlər görülmüşdür. Lakin Xalq Cümhuriyyətinin süqutundan sonra bu proses dayandırılmış, baş verənlərin sona qədər təhqiq edilməsinin və ona müvafiq siyasi-hüquqi qiymət verilməsinin qarşısı alınmışdır.

Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra tarixi keçmişimizi daha yaxşı öyrənmək imkanı əldə edilmiş, uzun illər gizli qalan həqiqətlər tədricən üzə çıxmış, beləliklə təhrif edilmiş hadisələr daha aydın görünməkdədir. Xalqımıza qarşı zaman-zaman törədilmiş və heç vaxt beynəlxalq hüquqi-siyasi qiymətini almamış soyqırımı hadisələri də bu qəbildəndir.

31 mart qanlı hadisələrindən yalnız 80 il sonra - 26 mart 1998-ci il tarixdə Prezident Heydər Əliyevin imzaladığı "Azərbaycanlıların soyqırımı haqqında" Fərmanında həmin dəhşətli hadisələrə siyasi qiymət verilmiş, 31 mart "Azərbaycanlıların Soyqırımı Günü" elan edilmiş və hər il ölkəmizdə dövlət səviyyəsində qeyd olunur.

Ötən illər ərzində aparılmış araşdırmalar nəticəsində çoxsaylı yeni faktlar və sənədlər toplanmış, 1918-ci ilin mart-aprel aylarında və sonrakı dövrlərdə erməni millətçilərinin həyata keçirdikləri qanlı aksiyaların coğrafiyasının daha geniş və faciə qurbanlarının sayının qat-qat çox olduğu sübut edilmişdir.

Son dövrdə Qubada 1918-ci il hadisələri zamanı ermənilərin törətdikləri kütləvi insan qətllərini aşkarlayan faktlar üzə çıxarılmışdır. Tapılmış saysız-hesabsız insan sümükləri və digər maddi sübutlar bu qırğınlar zamanı erməni qatillərinin vandalizmini təsdiqləyən əyani dəlillərdir. Bu ərazidə kütləvi surətdə insanların qətlə yetirilməsinin sübutu kimi və onların xatirəsinə ehtiram əlaməti olaraq Quba soyqırımı Memorial Kompleksi yaradılmış və ölkəmizin əhalisi, həmçinin xarici qonaqlar tərəfindən bu tarixi abidə ziyarət olunur.