Bu gün iki milyard insan çirkli su içməyə məcburdur


Digərləri 15 Mar 2018 21:27:00 251 0

Bu gün iki milyard insan çirkli su içməyə məcburdur

2030-cu ildə 700 milyon insan içməli su çatışmazlığından qaçqına çevrilə bilər. Hazırda iki milyard insan çirkli su içməyə məcbur olur. Su qıtlığının səbəblərindən biri bu təbii resursun lazımi qaydada idarə edilməməsi ilə bağlıdır.

Bu fikirlər "Gəlin suyun hər damlasını qoruyaq: su ehtiyatları sahəsində gündəlik" adlı məruzədə əksini tapıb.

AZƏRTAC BMT-nin xəbərlər mərkəzinə istinadla bildirir ki, məruzə 11 dövlət başçısının və xüsusi müşavirlərin daxil olduğu qrup tərəfindən hazırlanıb və BMT-nin baş katibinə təqdim edilib.

Sənəddə dünyada su ehtiyatlarının mövcud vəziyyəti qiymətləndirilib. Məlum olub ki, su israfçılığı, su ehtiyatlarının qeyri-effektiv idarə edilməsi və infrastrukturun olmaması milyonlarla insanın su qıtlığı ilə üzləşməsinə, lazımi qədər su təchizatı, sanitariya və gigiyena normlarının pozulması səbəblərindən ölüm hallarına gətirib çıxarır.

Məruzədə bildirilir ki, planetin sakinlərinin təxminən 40 faizi bu və ya digər dərəcədə içməli su çatışmazlığından əziyyət çəkir. 2030-cu ildə su çatışmazlığı səbəbindən təxminən 700 milyon insan qaçqına çevrilə bilər. Bu gün iki milyarddan çox insan çirkli su içir, 4,5 milyard insan sanitariya sahəsində lazımi xidmətlərdən məhrumdur. Onlar ən yoxsul təbəqədən olan insanlardır.