Bakı metrosunda "Macar şairi Şandor Petöfinin əsərləri" adlı sərgi keçiriləcək


Digərləri 14 Mar 2018 17:50:20 192 0

Bakı metrosunda "Macar şairi Şandor Petöfinin əsərləri" adlı sərgi keçiriləcək

Məqsəd sərnişinlərə Macarıstan tarixinin və şairin həyatının həlledici dövrünü təqdim etməkdir

Metronun "Memar Əcəmi" (Bənövşəyi xətt) stansiyasının vestibülündə "Macar şairi Şandor Petöfinin əsərləri" adlı sərginin təqdimatı olacaq. Tədbir martın 15-də saat 15:00-da Macarıstanın Azərbaycandakı Səfirliyinin təşkilatçılığı və "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin (QSC) dəstəyi ilə baş tutacaq. 

Metropolitendən "Report"a verilən məlumata görə, sərgidə 1848-1849-cu illərdə Macarıstanda baş vermiş inqilab və macar xalqının azadlıq mübarizəsinin 170-ci ildönümü münasibətilə Şandor Petöfinin ədəbi yaradıcılığı nümayiş olunacaq. 

Sərginin məqsədi sərnişinlərə Macarıstan tarixinin və şairin həyatının həlledici dövrünü təqdim etməkdir. 

Mərasimdə Macarıstanın Xarici İşlər və Ticarət Nazirliyinin dövlət təhlükəsizlik siyasəti və beynəlxalq əlaqələr üzrə katibi İştvan Mikola, Macarıstanın Azərbaycandakı səfiri və "Bakı Metropoliteni" QSC-nin əməkdaşları iştirak edəcəklər.

Qeyd edək ki, Şandor Petöfi 1848-ci il martın 15-də baş vermiş inqilabın liderlərindən biri olub. O, azadlıq uğrunda mübarizə apararaq döyüş meydanında həlak olub. Şandor Petöfinin həyatının və yaradıcılığının müxtəlif məhsuldar dövrlərini və onun azadlıq arzularını əks etdirən seçilmiş 12 əsəri Azərbaycan dilinə tərcümə edilərək sərgidə yer alıb. Bundan başqa, Yaşıl və Bənövşəyi xətlər üzrə hərəkət edən 3 qatarın vaqonlarında Şandor Petöfi poeziyasından iki həftə ərzində iki nümunə nümayiş olunacaq.