Venesuelada əhali prezident seçkilərində bir qutu ərzağa səsini satmağa hazırdır...


Dünya 13 Mar 2018 20:00:00 216 0

Venesuelada əhali prezident seçkilərində bir qutu ərzağa səsini satmağa hazırdır...

Ac ailələrin mətbəx masasında bir torba düyü mayda keçiriləcək prezident seçkilərində Nikolas Maduroya  yoxsul venesuelalıların dəstəyini təmin edə bilər. Misli görünməmiş iqtisadi böhrandan əziyyət çəkən milyonlarla venesuelalı xalq tərəfindən sevilməyən Maduro hökumətinin verdiyi ayda bir qutu zəruri ərzağa möhtacdır.

Son.az virtualaz.org-a istinadən xəbər verir ki, bu, bir zamanlar çiçəklənən,  OPEC üzvü olan Venesuelanın bugünkü reallığıdır.

Uqo Çavesin 55 yaşlı varisi, keçmiş avtobus şoferi Maduro 2016-cı ildə "CLAP qutuları" adlanan bu ərzaq paylarını tətbiq etməyə başlayıb. Maduronun sosialist hökuməti nağd pul və başqa hədiyyələrlə xalqın dəstəyini qazanmağa çalışır.

İndi mayın 20-də yenidən prezident seçilməyə ümid edən Maduro CLAP qutularını Vaşinqtonun başladığı "iqtisadi müharibədə" qalib gəlməkdən ötrü özünün "ən güclü silahı" adlandırır. Vaşinqton onu "diktator" adlandırır və ölkəyə sanksiyalar tətbiq edir.

Paytaxt Karakasın Petare məhəlləsində yaşayan tənha ana Mariana deyir ki, hökumətin verdiyi bu yardım onun kimə səs verəcəyini təyin edəcək. "Mən və tanıdığım başqa qadınlar Maduroya səs verəcəyik. Çünki o, CLAP qutularını paylamağa davam edəcəyinə söz verir. Bu, ən azı, bəzi problemlərin həllinə kömək edir", - aldığı müavinəti itirmək qorxusundan adının çəkilməsini istəməyən 30 yaşlı aşpaz deyir.

2013-cü ildə hakimiyyətə gələn Maduronun hakimiyyəti dövrü dünya neft qiymətlərinin kəskin azalması və dövlətin iqtisadi siyasətinin uğursuzluğa düçar olması nəticəsində meydana çıxmışağır iqtisadi böhranla üst-üstə düşüb. İqtisadi vəziyyət pisləşdikcə, yoxsul venesuelalıların bir hissəsi daha çox dövlətdən asılı olur.

Ölkənin yoxsul məhəllələrində həyat həmin bu CLAP qutuları ətrafında dönür. Rəsmi məlumatlara görə, 30 milyonluq əhalisi olan ölkədə 6 milyon ailə bu qutulardan bəhrələnir.Çoxu normal qidalana bilməyən venesuelalılar hər ay qutularının çatdırılmasını narahatlıqla gözləyirlər. CLAP qutularını qara bazarda satanlar da az deyil.

Hökumət CLAP qutularının içindəki ərzaqların, demək olar, hamısını xaricdən, xüsusən də Meksikadan idxal edir. Venesuelanın özünün qida istehsalı ciddi azalıb. Valyutaya nəzarətsə özəl idxalı çətinləşdirir.

20 may seçkilərində Maduronun əsas rəqibi olan Henri Falcon da daxil olmaqla, hökuməti tənqid edənlər CLAP qutularını siyasi patronajın sinik forması adlandırır, bu sahənin korrupsiya ilə dolu olduğunu deyirlər. Qutuların paylanmasına nəzarət hökumətə bağlı qrupların əlindədir. Yardımların vaxtında paylanmaması insanları qəzəbləndirir.