Şahin Bağırov: Avropa ilə ticarət zamanı sərhədkeçmə prosesi asanlaşacaq


Digərləri 13 Mar 2018 19:10:00 216 0

Şahin Bağırov: Avropa ilə ticarət zamanı sərhədkeçmə prosesi asanlaşacaq

Tam üzvlük statusu əldə olunduqdan sonra Avropa ilə ticarət zamanı sərhədkeçmə prosesi asanlaşacaq və yüklərin daşınmasına sərf olunan müddət azalacaq.

Bakı. Ümumdünya Gömrük Təşkilatının Bakı şəhərindəki Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisində keçirilən milli seminar bu gün işini davam etdirib. Komitədən Trend-ə verilən məlumata görə, "Dövlət Gömrük Komitəsinə ümumi tranzit proseduru və mallarla ticarətdə sənədləşmənin sadələşdirilməsi konvensiyalarına üzvolma, eləcə də Avropa Yeni Kompüterləşdirilmiş Tranzit Sisteminə (NCTS) qoşulmaya hazırlıq prosesində dəstək" mövzusunda təşkil olunan seminarın bugünkü iclasına biznes subyektləri cəlb edilib. Xatırladaq ki, məqsəd seminar iştirakçılarını Ümumi Tranzit Proseduru haqqında Konvensiyanın üzv dövlət tərəfindən tətbiqi üçün əsas qaydalar barədə məlumatlandırmaqdır. İclasda çıxış edən Dövlət Gömrük Komitəsi sədrinin müavini, gömrük xidməti general-leytenantı Şahin Bağırov Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizləri üzərində yerləşən Azərbaycanın tranzit potensialının artırılması istiqamətində görülən işlər barədə məlumat verib, ötən ilin dekabrında ölkənin Yeni Kompüterləşdirilmiş Tranzit Sistemində qeyri-formal müşahidəçi statusu əldə etdiyini diqqətə çatdırıb. Sistemin faydaları barədə danışan Komitə sədrinin müavini bildirib ki, tam üzvlük statusu əldə olunduqdan sonra Avropa ilə ticarət zamanı sərhədkeçmə prosesi asanlaşacaq və yüklərin daşınmasına sərf olunan müddət azalacaq.