Azərbaycan xalqı dünyada ən zəngin mədəniyyətə sahib olan xalqlardan biridir


Digərləri 13 Mar 2018 17:53:00 263 0

Azərbaycan xalqı dünyada ən zəngin mədəniyyətə sahib olan xalqlardan biridir

Son.az yap.org.az-a istinadən Milli Məclisin Mədəniyyət komitəsinin üzvü Ülviyyə Həmzəyevanın müsahibəsini təqdim edir.

- Ülviyyə xanım, məlumdur ki, ölkəmizdə mədəniyyət və incəsənətin inkişafına böyük qayğı göstərilir. İstərdik ki, bu sahədə həyata keçirilən dövlət siyasəti barədə fikirlərinizi bildirəsiniz...

- Azərbaycan xalqı dünyanın ən mədəni xalqlarından biridir. Zəngin musiqi xəzinəmiz, kifayət qədər rəngarəng təsviri sənətimiz, rəssamlığımız, dünyada nadir sayılan xalçaçılığımız, memarlıq abidələrimiz var.

Azərbaycan xalqı hələ Sovet hakimiyyəti illərində böyük mədəniyyət məhsuldarlığı nümayiş etdirib, dünyanın mədəniyyət xəzinəsini bir sıra yüksək səviyyəli sənət əsərləri, görkəmli yaradıcı simalarla zənginləşdirib. Azərbaycanın görkəmli sənətkarları sovet dövründə məhz Ulu öndər Heydər Əliyevin qayğısı nəticəsində Sosialist Əməyi Qəhrəmanı kimi yüksək fəxri adlar almış, bəstəkarlar, kinematoqrafçılar, teatr xadimləri, rəssamlar və.s peşə sahibləri qurultaylarda, konfranslarda iştirak etmiş və bütün sovet ölkələri arasında tanınmışlar. Bildiyiniz kimi Ulu öndər Heydər Əliyev Özü də incəsənət meyilli şəxsiyyət idi. Elə gəncliyində də incəsənətə gəlmək, memar olmaq istəyirdi. Amma zaman Ulu öndəri siyasət memarına çevirdi. Çünki bu xalqın belə bir siyasət xadiminə çox böyük ehtiyacı var idi.

XX əsrin sonlarında Azərbaycan müstəqilliyə qovuşduqdan sonra ölkəmizdə dövlətin mədəniyyət siyasəti Ümummilli liderimiz Heydər Əliyev tərəfindən yenidən müəyyənləşdirildi. Məhz ona görə də Ulu öndər Heydər Əliyev 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıtdıqdan sonra ilk növbədə mədəniyyətimizə, ədəbiyyatımıza, incəsənətimizə kifayət qədər böyük maliyyə vəsaitləri ayrıldı. Ulu öndər deyirdi ki, "xalq bir çox xüsusiyyətləri ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir".

İstər sovetlər dönəmində istərsə də müstəqillik əldə etdikdən sonrakı dönəmdə Ümummilli liderimiz Heydər Əliyev və Onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən mədəniyyət sahasində görülən işləri və əldə olunmuş nəticələri sadalamaqla bitməz.

Bircə onu demək istərdim ki, Azərbaycan Respublikasının dünyanın azad, demokratik, maddi və mənəvi baxımdan zəngin dövlətləri sırasında öz layiqli yerini tutmasına hesablanmış milli siyasətin nəticəsi olaraq xalqımız artıq dünyanın bütün coğrafi məkanlarında tanınır və sevilir. Azərbaycan xalqının yüksək mədəniyyəti onun sivil dünya ilə inteqrasiyasına, humanitar yaxınlaşmasına xidmət edir.

Ölkə rəhbərliyinin bu sahədə hərtərəfli inkişaf üçün göstərdiyi diqqət və qayğı, qəbul etdiyi qərarlar bir daha təsdiqləyir ki, dövlətimiz xalqın dünyada layiq olduğu səviyyədə təmsil olunması üçün hər cür şərait yaradır.

- Azərbaycanda milli-mənəvi dəyərlərin qorunması və inkişafı istiqamətində də vacib tədbirlər reallaşdırılır. Bu sahədə mövcud vəziyyəti, bu dəyərlərin dövlət quruculuğu prosesindəki rolunu necə qiymətləndirirsiniz? 

- Qədim dövlətçilik tarixinə malik olan Azərbaycan xalqı hər zaman milli dəyərlərinə sadiq qalaraq bu dəyərləri əsrlərlə yaşatmış və inkişaf etdirmişdir. Milli dəyərlərimizin qorunması və gələcək nəsillərə çatdırılması bu gün də öz aktuallığını qoruyub saxlayır. Çünki milli dəyərlərimizin Azərbaycan xalqının formalaşmasına təsiri böyük olduğu kimi, milli dövlətçiliyimizin möhkəmləndirilməsində də xüsusi rolu vardır.

Milli dəyərlərə, adət-ənənələrimizə biganə münasibət gələcək üçün yaxşı heç nə vəd etmir. Tarixdən məlumdur ki, öz soykökünə, tarixinə, milli dəyərlərinə, inanclarına dönük çıxan millətlər və dövlətlər müəyyən zaman kəsiyində yox olmuş və tarix səhnəsindən birdəfəlik silinmişlər. Hər hansı bir xalqı, dövləti məhv etmək üçün onu milli dəyərlərindən ayırmaq kifayətdir. Bizim milli dəyərlərimizin qorunması və inkişafı Ulu öndərimiz Heydər Əliyevin adı ilə bağlıdır. Dünyada heç bir dövlət başçısı, heç bir siyasi lider quruculuğu və idarəçiliyi ilə yanaşı, milli ideologiyanın mühüm və əsas istiqamətlərinin müəyyənləşdirilməsi, bu sahədə yeni mükəmməl elmi konsepsiyanın yaradılması, onun həyata keçirilməsi sahəsində Ulu öndəri­miz qədər şəxsi əzmkarlıq göstərməmişdir. Ziyalılarımızın milli tərəqqi prosesində rolunu azaltmadan qeyd etməliyik ki, dahi rəhbər milli dəyərlər uğrunda mübarizənin önündə həmişə Özü gedir və milli ziyalılarımızı da bu istiqamətdəki fəaliyyətə səfərbər edirdi. Ulu öndər hətta rəsmi sərəncamlarla, xüsusi qərarlarla böyük milli-mədəni abidələrimizin fiziki və mənəvi cəhətdən bərpasına, milli yaddaşın, milli köklərə qayıdışın sürətləndirilməsinə istiqamət verirdi.

Ümummilli liderimiz milli dəyərlərimizi təkcə milli varlığımızın yox, həm də siyasi varlığımızın - dövlət quruculuğu prosesinin mühüm atributu kimi dəyərləndirirdi. Mənsub olduğu xalqın tarixi keçmişinə, mədəni irsinə və milli dəyərlər sisteminə sönməz məhəbbət duyğularıyla yanaşan Ulu öndər deyirdi: "Bizim hamımızı birləşdirən, həmrəy edən Azərbaycançılıq ideyasıdır. Azərbaycançılıq öz milli mənsubiyyətini, milli-mənəvi dəyərlərini qoruyub saxlamaq, eyni zamanda onların ümumbəşəri dəyərlərlə sintezindən, inteqrasiyasından bəhrələnmək və hər bir insanın inkişafının təmin olunması deməkdir".