Dostunu öldürdü, ölənin həyat yoldaşı şikayətçi olmadı


Digərləri 13 Mar 2018 16:57:00 264 0

Dostunu öldürdü, ölənin həyat yoldaşı şikayətçi olmadı

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Vüqar Həsənovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Son.az report-a istinadən xəbər verir ki, hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində Vahid Qəhrəmanov ifadə verib.

O, "Xəzər univermağı"nın yanında mebel sexi işlətdiyini və hadisənin şahidi olduğunu söyləyib: "Sexin qabağında duran zaman iki nəfər əlində bıçaq ora yaxınlaşdı. Vüqarın sinəsi qan idi, rəhmətə gedən şəxsin köynəyi isə cırılmışdı. Bu zaman rəhmətliyin ayağına nəsə ilişdi və o, yerə yıxıldı. Vüqar ona yaxınlaşıb "ölmə" dedi. Sonra ölən şəxs ayağa qalxdı və bir-birilərinə bıçaq atdılar. Rəhmətlik bir neçə dəfə yerə yıxılıb qalxırdı. O, sonuncu dəfə yerə yıxıldı və qalxmadı, öldü".

Şahid qeyd edib ki, təqsirləndirilən V.Həsənov hadisə yerindən qaçmayıb: "Biz rəhmətliyə yaxınlaşanda onun sinəsində 2 bıçaq yarası var idi. İstintaq dövründə isə mənə onun ölmüş şəklini göstərdilər. Rəhmətliyin qarnında 3 bıçaq yarası gördüm".

Daha sonra məhkəmədə zərərçəkmişin hüquqi varisi, onun həyat yoldaşı Suman Məmmədovanın ərizəsi elan olunub. O, təqsirləndirilən şəxsdən şikayətçi olmadığını söyləyib.