Şahin Mustafayev: İran Azərbaycana 3,1 mlrd. dolları investisiya yatırıb


Digərləri 13 Mar 2018 12:25:00 242 0

Şahin Mustafayev: İran Azərbaycana 3,1 mlrd. dolları investisiya yatırıb

Azərbaycanda sənaye, tikinti, xidmət, rabitə, ticarət, nəqliyyat, kənd təsərrüfatı sahələrində 700-dən çox İran şirkəti qeydiyyatdan keçib.

Bakı. İqtisadiyyat naziri, Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədri Şahin Mustafayevin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti İran İslam Respublikasında səfərdədir. Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, səfərin ilk günü nazir Şahin Mustafayev İran İslam Respublikasının İqtisadi işlər və maliyyə naziri, Dövlət Komissiyasının həmsədri Məsud Kərbasian ilə görüşüb. Görüşdə nazir Şahin Mustafayev Azərbaycan və İran arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğunu, əməkdaşlığın inkişaf etdiyini, əlaqələrin genişlənməsində Azərbaycan və İran prezidentlərinin siyasi iradəsini və birgə səylərini vurğulayıb. Bildirilib ki, son illərdə ölkələrimiz arasında əlaqələr yeni mərhələyə qədəm qoyub. Son 4 ildə Azərbaycan və İran dövlət başçılarının 10 görüşü keçirilib,100-dən çox qarşılıqlı səfər həyata keçirilib, 40-dan artıq sənəd imzalanıb. Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyası intensiv iş aparır. Ticarət, sənaye, nəqliyyat-tranzit, maliyyə, səhiyyə və digər sahələrdə mövcud əlaqələrə və əməkdaşlığın genişləndirilməsinə dair fikirlərini bildirən Şahin Mustafayev qeyd edib ki, ölkələrimiz arasında ticarət dövriyyəsi 2017-ci ildə 16% artıb. İran Azərbaycana 3,1 mlrd. ABŞ dolları investisiya yatırıb. Azərbaycanda sənaye, tikinti, xidmət, rabitə, ticarət, nəqliyyat, kənd təsərrüfatı sahələrində 700-dən çox İran şirkəti qeydiyyatdan keçib. Azərbaycan və İranın birgə iştirakı ilə ölkəmizdə reallaşdırılan avtomobil istehsalı zavodunda işlər tamamlanmaq üzrədir, Pirallahı Sənaye Parkında əczaçılıq zavodunun yaradılması üzrə işlər davam edir. Energetika sahəsində “Xudafərin/Qız Qalası” və “Ordubad/Marazad" hidroqovşaqları, 330 kv-luq Muğan (İmişli-Parsabad) elektrik xətti kimi layihələr həyata keçirilib, İrana elektrik satışına dair Çərçivə Sazişi imzalanıb. Azərbaycan-İran əməkdaşlığının mühüm istiqamətlərindən olan Şimal-Cənub nəqliyyat dəhlizi üzrə işlər intensiv şəkildə aparılır. Azərbaycanda 8,3 km, İranda 1,4 km dəmir yolu, Astara çayı üzərində dəmir yolu körpüsü istismara hazırdır və artıq sınaq qatarlarının hərəkəti həyata keçirilib. Astarada (İran) terminalın təməlinin qoyulması və məhsul anbarlarının tikintisi nəzərdə tutulur. Şimal-Cənub nəqliyyat dəhlizinin tərkib hissəsi olan Rəşt-Astara dəmir yolu xəttinin tikintisinin maliyyələşdirilməsinə dair müzakirələr davam edir. 2017-ci ildə Rusiyadan İrana və əks istiqamətdə Azərbaycandan19 mindən çox TIR keçib, İranda milli daşıyıcılarımızın çəkisi isə 23,2% artıb.