Gədəbəydə avtomobil yolları yenidən qurulur (FOTO/VİDEO)


Digərləri 12 Mar 2018 16:00:05 294 0

Gədəbəydə avtomobil yolları yenidən qurulur (FOTO/VİDEO)

Gədəbəydə uzunluğu 29 km olan 3 istiqamət üzrə avtomobil yolları əsaslı şəkildə yenidən qurulur.

Bakı. Samir Əli - Gədəbəydə uzunluğu 29 km olan 3 istiqamət üzrə avtomobil yolları əsaslı şəkildə yenidən qurulur. Avtomobil Yolları Dövlət Agentliyindən Trend-ə verilən məlumata görə, bu respublika əhəmiyyətli Şəmkir-Gədəbəy avtomobil yolunun 30-cu km-dən ayrılan və 20 km uzunluğa malik yerli əhəmiyyətli Slavyanka-Qoşabulaq-Pərizamanlı, həmçinin 6.1 km-lik Çanaqçı-Haçaqaya və 2.9 km-lik Qoşabulaq-Sarıtala avtomobil yollarıdır. Slavyanka-Qoşabulaq-Pərizamanlı avtomobil yolu uzun müddət əsaslı təmir olunmadan istismar olunduğundan yol geyimi və yolun əsası, həmçinin torpaq yatağı sel sularının təsirindən yuyularaq deformasiyaya uğramış,hərəkət hissəsində qabarmalar, çalalar əmələ gəlmişdi. Hazırda aparılan yenidənqurma işləri ilə sadalanan problemlər aradan qaldırılır. IV texniki dərəcəyə uyğun olaraq yenidən qurulan yolun eni 6-7 metrdən 10 metrə qədər genişləndirilir. Yolun normativ eninin alınması üçün 17.5-20-ci km-lik hissələrdə sol tərəfdə qaya tipli süxurların mexanizmlə kəsilməsi, həmçinin yolun torpaq yatağının bərpası üçün yararsız qruntun qazılması və çınqıl materialı ilə yolun genişləndirilməsi işləri aparılır. Layihə çərçivəsində mövcud suötürücü borular istismara yaramadığı üçün yol boyu 19 yerdəuzunluğu 223 paqon-metr olan müxtəlif diametrli dəmir-beton boruların quraşdırılması, yolun 6, 7, 8 və 10-cu km-də yerləşən düzbucaqlı formalı suötürücü boruların başlıqlarının dəmir-betonla təmiri nəzərdə tutulub. Həmçinin yolun 1-ci km-də uzunluğu 6 metr, eni isə 8 metr olan körpünün hər iki tərəfdən 1.2 metr genişləndirilməsi, Çanaqçı kəndi ərazisində 250 metr uzunluğunda "U" şəkilli dəmir-beton küvetlərin quraşdırılması və avtoqreyderlə tələb olunan yerlərdə küvetlərin açılması işləri də yenidənqurma işləri zamanı həyata keçiriləcək. Yol yatağı hazır olan hissələrdə yol əsasının optimal qum-çınqıl materialı ilə inşası işləri aparılacaq, eyni materialla çiyinlər bərkidiləcək. Daha sonra əlaqələndirici bitum səpilməklə yol örtüyünün alt və üst qatlatının asfalt-beton qarışığı ilə tikintisi işləri aparılacaq.