Almaniyada iki nəfəri girov götürən azərbaycanlı qadını deportasiya etdilər


Digərləri 11 Mar 2018 14:16:00 255 0

Almaniyada iki nəfəri girov götürən azərbaycanlı qadını deportasiya etdilər

Tutularkən polisə müqavimət göstərmiş Azərbaycan vətəndaşını Almaniyadan deportasiya ediblər.

Son.az virtualaz.org-a istinadən bildirir ki, bu barədə alman nəşri "Xaller-Kreysblat" xəbər yayıb.

Xatırladaq ki, yanvarın ortalarında Almaniyanın şimali Reyn-Vestafaliya bölgəsinin Qüterslo dairəsində polisin azərbaycanlı ailəni deportasiya etmək cəhdi girov dramına və polisə atəş açılmasına səbəb olmuşdu.

Qüterslo administrasiyasının rayon administratoru Sven-Georg Adenauer o vaxt bildirmişdi ki, azərbaycanlı mühacirlər bir neçə dəfə Almaniyadan deportasiya olunub, lakin hər dəfə qanunsuz yollarla ölkəyə qayıdıblar. Bu dəfə isə hakimiyyət ailənin deportasiyasında israrlı idi. Çünki məhkəmə qəti qərar çıxarmışdı ki, ailə deportasiya olunsun.

Sven-Georg Adenauer onu da bildirmişdi ki, hakimiyyət ailənin müqavimətini gözləyirdi və bu səbəbdən miqrasiya xidmətinin əməkdaşları yanvarın 18-də gecə saatlarında onların qaldığı sığınacağa polis və təhlükəsizlik əməkdaşlarının müşayiəti ilə getmişdi.

Beləliklə, polis və miqrasiya xidmətinin işçiləri saat 03.30-da ailənin qaldığı sığınacağa gedib. Həmin vaxt orada azərbaycanlı ər-arvadla yanaşı ailənin iki qızı və bir qonaqları olub. Lakin polisin bildirdiyinə görə, ailə üzvləri güclü müqavimət göstərmiş və hətta miqrasiya işçilərini müşayiət edən polislərdən birinin silahını əlindən ala bilmişdi. Nəticədə bir neçə dəfə atəş açılmışdı. Polis sığınacaqdan qaça bilmişdi. Ailə isə sığınacaqda möhkəmlənmiş və biri təhlükəsizlik xidmətinin əməkdaşı, digəri miqrasiya xidmətinin işçisi olmaqla iki nəfəri mənzildə girov götürmüşdü.