Milli standartların 45%-i beynəlxalq standartlara uyğunlaşdırılıb (FOTO)


Digərləri 07 Mar 2018 19:13:00 206 0

Milli standartların 45%-i beynəlxalq standartlara uyğunlaşdırılıb (FOTO)

Caspian European Club Standartlaşma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ilə birgə biznes-forum keçirib.

Bakı. Milli standartların 45%-i beynəlxalq və Avropa standartlarına harmonizə edilib. Trend-in məlumatına görə, bunu Caspian European Club və Standartlaşma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin birgə biznes-forumunda komitə sədri Ramiz Həsənov deyib. R.Həsənov Standartlaşma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin fəaliyyəti barədə ətraflı məlumat verib. Komitə sədri qeyd edib ki, dövlət başçısı tərəfindən qeyri-neft ixracının stimullaşdırılması ilə bağlı qoyulmuş vəzifələrin icrası xarici ölkələrlə ticarət əlaqələrində texniki maneələrin aradan qaldırılmasını, təhlükəsiz və keyfiyyətli, yüksək texnologiyalı və innovativ məhsulların istehsalını, istehsalat və xidmət göstərən müəssisələrdə müasir keyfiyyəti idarəetmə sistemlərinin tətbiq edilməsini tələb edir. R.Həsənovun sözlərinə görə, ötən dövr ərzində keyfiyyət infrastrukturu sahələrində aparılmış mühüm islahatlardan biri “Standartlaşdırma, metrologiya, akkreditasiya və patent hüququ obyektlərinin mühafizəsi sahələrində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Fərmanıdır. R.Həsənov bildirib ki, dövlət başçısının Fərmanına əsasən Komitə tərəfindən standartlaşdırma, metrologiya, akkreditasiya və patent sahəsi üzrə 4 publik hüquqi şəxs təsis edilib. Bununla həmin sahələrdə fəaliyyət göstərən qurumların dövlət büdcəsindən asılılığı aradan qaldırılıb, işçilər daha yüksək məvaciblə publik hüquqi şəxslərdə işlə təmin olunub: ““Standartlaşdırma haqqında” və “Texniki tənzimləmə haqqında” Qanun layihələrinin Milli Məclisdə müzakirəsi yekunlaşmaq üzrədir. Azərbaycan Standartlaşdırma İnstitutunun milli standartlaşdırma qurumu kimi İSO-da üzvlüyü təmin edilib, Avropa Standartlaşdırma Təşkilatında (CEN-CENELEC) “tərəfdaş standartlaşdırma orqanı” statusunda təmsil olunması istiqamətində işlər aparılır. Milli standartların 45%-i beynəlxalq və Avropa standartlarına harmonizə edilib. Avropa Akkreditasiya Təşkilatının (EA) Baş Assambleyasının iclasında Azərbaycan Akkreditasiya Mərkəzinin EA-ya assosiativ üzvlüyü ilə bağlı müraciətinə baxılıb, Mərkəz yekdilliklə beynəlxalq təşkilatın assosiativ üzvlüyünə qəbul edilib. Burada əsas məqsəd Azərbaycanda akkreditasiya olunmuş qurumlar tərəfindən verilən sınaq və kalibrləmə sənədləri, uyğunluq sertifikatlarının Avropa ölkələrində tanınmasıdır. Hazırda Azərbaycan Akkreditasiya Mərkəzinin EA-nın ikitərəfli tanınma Sazişinə qoşulması ilə bağlı işlər davam etdirilir.”