Mövlud Çavuşoğlu: “Suriyanın ərazi bütövlüyü məsələsində Türkiyə ilə Almaniya eyni mövqedən çıxış edir”


Dünya 06 Mar 2018 17:52:36 278 0

Mövlud Çavuşoğlu: “Suriyanın ərazi bütövlüyü məsələsində Türkiyə ilə Almaniya eyni mövqedən çıxış edir”

Berlində Türkiyə və Almaniya XİN başçılarının görüşü olub

“Suriyanın ərazi bütövlüyü çox əhəmiyyətlidir və bu məsələdə Türkiyə ilə Almaniya eyni mövqedən çıxış edirlər”.

“Report” “Haber7”yə istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Almaniya səfəri zamanı almaniyalı həmkarı Ziqmar Qabriellə keçirdiyi birgə mətbuat konfnasında bildirib.

Nazirlərin görüşündə Suriyadakı vəziyyət, BMT Təhlükəsizlik Şurasının atəşkəslə bağlı qəbul etdiyi qərar müzakirə olunub.

Z.Qabriel PKK/YPG-PYD-nin liderlərindən biri olan Salih Müslümün Türkiyəyə təhvil verilməsi ilə bağlı suala cavab olaraq deyib ki, tələb Almaniyanın Ədliyyə Nazirliyinə təqdim olunub: “Məsələnin hüquqi tərəfi araşdırılacaq. Türkiyə bizə şifahi nota verib”.

Z.Qabriel Almaniya vətəndaşlarının Türkiyəyə səyahətindən və bu il onların sayının artacağından da danışıb: “Almaniya turistləri Türkiyə üçün darıxıb. Almaniya Xarici İşlər Nazirliyinin Türkiyəyə səyahətlə bağlı xəbərdarlığını nəzərdən keçirməsində fayda var. Vətəndaşlarımıza edilən sonuncu xəbərdarlıq isə Türkiyədəki gerçəklikləri əks etdirmir”.

M.Çavuşoğlu isə öz növbəsində bildirib ki, Türkiyə dünyanın ən gözəl ölkələrindəndir: "Əlbəttə, almanlar Türkiyədə tətil keçirməkdən məhrum edilməyəcək”.