"Qoca" ilə birlikdə qaçanların apellyasiya şikayəti təmin edilmədi


Digərləri 05 Mar 2018 17:22:00 288 0

"Qoca" ilə birlikdə qaçanların apellyasiya şikayəti təmin edilmədi

Şirvan Apellyasiya Məhkəməsində "Qoca" ləqəbli kriminal avtoritet Etibar Məmmədovla birlikdə həbsdən qaçan Əli Ağami və digərlərinin apellyasiya şikayətinə baxılıb.

Son.az APA-ya istinadən xəbər verir ki, hakim  Etibar Camalovun sədrliyi ilə keçirilən prosesdə Ağami Əli Ramin oğlu, Heydərov Məhəmməd Güləli oğlu, Məlikov Tahir Sahil oğlu və İbrahimov Əfsər Şakir oğlunun apellyasiya şikayətinə baxılıb. Birinci instansiya məhkəməsinin qərarı qüvvədə saxlanılıb.  

Qeyd edək ki, Ə. Ağami və digərlərinə bir müddət əvvəl hökm oxunub. Sabunçu rayon Məhkəməsində keçirilən prosesdə elan olunan hökmə əsasən, mərhum Etibar Məmmədov barəsində cəza təyin edilmədən, ittiham hökmü çıxarılıb. Əli Ağami isə cəzasının 4 ilini qapalı həbsxanada çəkməklə, 19 il müddətinə azadlıqdan məhrum edilib. İş üzrə təqsirləndirilən digər şəxslər - kriminal avtoritet Tahir Məlikov, "Maqa Hacıqabullu" ləqəbli Məhəmməd Heydərov və Əfsər İbrahimov hər biri 18 il müddətinə azadlıqdan məhrum ediliblər. Apellyasiya şikayəti həmin hökmdən verilib. Təqsirləndirilən şəxslər şikayətlərində cəzalarının azaldılmasını istəyiblər.

Qeyd edək ki, hökm elan olunan iş üzrə E. Məmmədov Cinayət Məcəlləsinin 234.4.3-cü (külli miqdarda narkotik vasitələrin satışı), Ə. Ağami isə Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə) və 228-ci (qanunsuz olaraq odlu silah saxlama) maddələri ilə ittiham olunub.

Ötən il oktyabrın 23-də isə Bakı-Astara-Bakı planlı dəmir yolu qarovulu ilə xüsusi təyinatlı vaqonda Bakı şəhərinə müşayiət olunan 1980-ci il təvəllüdlü, əvvəllər məhkum edilmiş, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə təqsirləndirilən Etibar Ələkbər oğlu Məmmədov və 1989-cu il təvəllüdlü, əvvəllər məhkum olunmamış, CM-nin müxtəlif maddələri ilə təqsirləndirilən Əli Rasim oğlu Ağami müşayiət altından qaçıblar.