Axirət həyatının mərhələləri hansılardır?


Digərləri 04 Mar 2018 20:50:00 261 0

Axirət həyatının mərhələləri hansılardır?

Vəfat edib bu dünyadan köçəndən sonra fərqli bir aləmdə gözlərimizi açacağıq. Axirət həyatına gedən yolda bir-neçə mərhələdən keçirik. İndi isə onlara qısaca nəzər salaq.

İlk mərhələ ─ qəbir həyatı

Ölümdən sonrakı həyat iki mərhələdən ibarətdir. İnsan öldükdən sonra iki aləmə qədəm qoyacaq. Birincisi, dünya kimi bir gün sona çatan qəbir aləminə, ikincisi, əbədi axirət həyatına. Qəbir həyatına bərzəx həyatı da deyilir.

"Bərzəx" sözü hərfi mənada iki şey arasında pərdə, sədd və əngəl deməkdir. Termin kimi isə ölümdən sonra ruhların qiyamətə qədər qaldığı aləm, qəbir aləmi, dünya və axirət arasında dəhliz, gözləmə otağı mənalarında işlədilir. Bərzəx dünya ilə axirət arasında bir körpüdür. İnsan ölümü ilə qəbir həyatının başladığını bildirən bir hədisi-şərifdə buyurulur: "Qəbir (bərzəx) axirət mənzillərinin birincisidir. Orada qurtulana sonrası daha asandır. Orada qurtulmayana isə sonrası daha ağır olacaq".[1]

Son.az meneviyyat.az-a istinadən bildirir ki, hər bir insan istər adi qaydada torpağa basdırılsın, istər boğulub dənizdə qalsın, və ya yanıb külü göyə sovrulsun, fərqi yoxdur, qəbir həyatını mütləq görəcək və ardınca da dirildiləcəkdir. Bərzəx aləmində inkarçılar acı və sıxıntılı, inananlar isə əməlləri səviyyəsində xoşbəxt bir həyat yaşayacaq. Hədislər Münkər və Nəkir adlı iki mələyin insanlara "Rəbbin kimdir? Peyğəmbərin kimdir? Kitabın nədir?" şəklində suallar verəcəyini və alacaqları cavablara uyğun onlarla rəftar edəcəklərini xəbər verir.[2]

Həşr meydanı

Toplanmaq, bir yerə yığmaq və sövq etmək mənalarına gələn "həşir" sözü dini termin kimi qiyamət günündə dirilişin ardınca bütün məxluqatın toplanacağını və məhşər meydanına gətiriləcəyini ifadə edir. Məxluqatın axirətdə toplanacağı yerə məhşər, məvqif və ya ərasat da deyilir.[3]

Quran həşri bütün insanların bir yerə toplanacağı[4] və həqiqətdə kimin qazanıb, kimin itirdiyinin üzə çıxacağı gün adlandırır[5]. Yenə Quranın xəbər verdiyinə görə, həşir meydanına (məhşərə) toplanan insanlar dünyada necə yaşamışlarsa, elə münasibət görəcəklər. Dünyada Allahdan üz çevirənlər o gün kor dirildiləcək, kafirlərin üzləri qara və kədərli, möminlərin üzləri isə parlaq və sevincli olacaq[6].

Allah Rəsulundan (s.ə.s.) gələn hədislərdə isə məhşərin ağ və parlaq bir düzənlik olduğu, insanların çılpaq, ayaqyalın, sünnət olunmamış və qüsursuz şəkildə dirildiləcəyi bildirilir[7].

Quranda həşrlə əlaqəli ayələrdən bəziləri belədir:

"Şübhəsiz ki, dirildən də, öldürən də Bizik. (Axır) dönüş də Bizim hüzurumuzadır!"[8]

"O gün (qiyamət günü Allah) onları (müşrikləri, kafirləri) bir yerə yığacaq..."[9]

"Namaz qılın, Ondan qorxun, məhz Onun hüzuruna toplanılacaqsınız"[10]

"(Öləndən sonra yenidən dirilmək üçün) sur çalınacaqdır. Bu vəd olunmuş gündür (əzab günüdür)! Hər bir kəs (Rəbbinin hüzuruna) bir sürüyən (sürüyüb məhşərə gətirən) və bir də şahidlə (iki mələklə) gələcəkdir."[11]

Quranda İsrafil mələyin suru iki dəfə üfürəcəyi bildirilir. Birinci dəfədə qiyamət qopacaq, ikincisində isə yenidən diriliş olacaq və mələklər, cinlər və insanlar hamısı bir yerdə toplanacaq.

"Rəbbinin hüzuruna toplanılacaqlarından qorxanları xəbərdar et ki, Allahdan başqa onların nə bir hamisi, nə də bir havadarı vardır. Bəlkə (pis əməllərdən) çəkinsinlər."[12]

Quranda heyvanların həşr edilməsi haqqında da ayələr var.

"Yerdə gəzən elə bir heyvan, qanadları (iki qanadı) ilə uçan elə bir quş yoxdur ki, sizin kimi ümmətlər olmasın. (Onlar da sizin kimi bir zümrədir. Allah onlara da ruzi vermiş, əcəllərini əvvəlcədən müəyyənləşdirmişdir. Onlar da öz qabiliyyətlərinə görə Allahın vəhdaniyyətini mədh edib, şəninə tərif deyirlər). Biz Kitabda (Quranda) heç bir şeyi nəzərdən qaçırmadıq (əskiltmədik). Sonra onlar (bütün canlılar, bütün məxluqat) Rəbbinin hüzuruna cəm ediləcəkdir."[13]

"Vəhşi heyvanlar (bir-birindən qisas almaq üçün) bir yerə toplanacağı zaman..."[14]

Bu ayələr məhşərdə heyvanların da həşr olunacağını göstərir. Heyvanlar Allahın suallarına cavab verdikdən sonra torpaq olacaqlar. Mükafat və cəza dünyada mükəlləf varlıqlar (insanlar və cinlər) üçündür. Məhşərdə mükəlləf varlıqlar sorğu-sual olunmaq, heyvanlar isə qisas almaq üçün toplanacaqlar.

Yenidən diriliş necə olacaq?

Məhşər, bəşər övladının ruh və cəsəd ilə diriləcəyi bir yerdir. Qurani-Kərim məsələni bizə təqdim edərkən ayrı-ayrı təsvirlər halında da olsa bu şəkildə təqdim edir. Ruhun əhəmiyyət kəsb etdiyi yerdə ruhdan, cəsədin əhəmiyyət kəsb etdiyi yerdə də cəsəddən bəhs edilir.

"Ey səadətə çatan nəfs! Razıedici və razı edilmiş (gördüyün işlərlə Allahı məmnun etmiş və aldığın nemətlərlə Allah tərəfindən məmnun edilmiş) olaraq Rabbinə dön! (Yaxşı) qullarımın arasına gir! Cənnətimə gir!"[15] deyərkən, sadəcə ruhun Allaha dönüşünü və qayıdışını izah edir. Ancaq Qiyamətin ümumi təsvirində, baharın, ağaçların, maddi və bərk cismlərin misal verilməsində bədənlərin və cəsədlərin həşr olacağı dilə gətirilir.

Burada bu kimi məsələlər barədə münaqişə edib iki ayri görüşdə olanların dəlillərini təhlil etməyəcəyik. İslam alimləri arasında bir-iki nəfər "həşr yalnız ruhlara məxsusdur" desə də, alimlərin böyük əksəriyyəti ruh və cəsədin bir yerdə həşr olacağı fikrində həmrəydirlər.

İbn Abbas (r.a.) nəql edir: "Allah Rəsulu (s.ə.s.) bizə nəsihət vermək üçün ayağa qalxdı və belə buyurdu:

- Ey insanlar! Siz yalın ayaq, çılpaq və sünnətsiz dirildiləcəksiniz. "İlk dəfə (yoxdan) yaratdığımız kimi qaytarıb (dirildib) əvvəlki halına salarıq"[16] (Əsas zərrələriniz, ruhunuz və vücudunuzla birlikdə yenidən diriləcək, həm cismən, həm də ruhən həşr olunacaqsınız). Axirətdə libas geyindirilən ilk insan İbrahim (ə.s.) olacaq. Yenə o gün ümmətimdən bəzi insanları gətirib sol tərəfə (Cəhənnəmə) aparacaqlar. Mən də: "Ya Rəbbi, bunlar mənim əshabımdır, mənim ümmətimdir!" - deyəcəyəm. Lakin mənə deyəcəklər: "Bilirsənmi, onlar səndən sonra nə işlər gördülər?" Bundan sonra əməlisaleh bəndə İsa (ə.s.) kimi deyəcəyəm: "Nə qədər ki onların yanında idim, şahid mən idim (onları belə əməllərdən çəkindirirdim). Sən məni (göyə qaldırıb dərgahına) qəbul etdikdən sonra onları görüb nəzarətdə saxlayan yalnız Özün oldun. Yalnız Sən hər şeyə şahidsən. Əgər onlara əzab versən, şübhəsiz ki, onlar Sənin qullarındır. Əgər onları bağışlasan, yenə şübhə yoxdur ki, Sən  yenilməz qüvvət, hikmət sahibisən!" (İstədiyin bəndəyə əzab verməyə, istədiyini bağışlamağa və hər hansı bir məsələni hakimanə həll etməyə qadir olan ancaq Sənsən!)[17] Sonra mənə belə deyəcəklər: "Bu, bir həqiqətdir ki, Sən onlardan ayrılandan bəri onlar dindən üz döndərdilər".[18]

Həzrəti Aişə (r.anha) nəql edir: "Allah  Rəsulu (s.ə.s.) belə buyurdu:

- İnsanlar Qiyamət günü ayaqyalın, çılpaq və sünnətsiz dirildiləcək (həşr ediləcək).

Mən:

- Ey Allahın Rəsulu, qadınlar və kişilər birlikdə həşr edilsə, bir-birinə baxmazlar? - dedim. Allah Rəsulu (s.ə.s.):

- Aişə! Məsələ o qədər ciddi və çətin olacaq ki, onlar bu cür şeyləri düşünə bilməyəcək, - buyurdu"[19]

Həşr əsnasında insanların çılpaq, tüksüz, sünnətsiz, sağlam və otuz yaşında dirildiləcəyi bildirilir.[20]

Məhşər necə yerdir?

Rəsulullah (s.ə.s.) bir hədisində məhşərin necə yer olduğunu belə təsvir etmişdir: "Məhşər meydanı üzərində heç bir şey (dağ, dərə, bitki və s.) olmayan təmiz buğda unundan hazırlanmış yuxa kimi ağ və parlaq düzənlikdir".[21] Yəni məhşər meydanında hər tərəf ağ və düz olacaq. Dünyadakı kimi rəngarənglik və dağ, dərə, ağac və s. olmayacaq.

Hədislərdə günəşin məhşərdə gözləyən insanlara yaxınlaşdırılacağı, istiliyin onların imanlarına görə təsir edəcəyi bildirilmişdir.[22]

Məhşərdə insanların aqibəti

Məhşər günü çox sıxıntılı, qorxulu və dəhşətli bir gündür. Məhşərə toplanan insanlar sorğu-sualın tezliklə bitməsini istəyəcəklər. Bunun üçün peyğəmbərlərə xüsusilə Həzrət Məhəmmədə sorğu-sualın başlaması və şəfaət etməsi üçün müraciət edəcəklər. Şəfaətdən sonra sorğu-sual başlayacaq.[23]

Məhşərdə möminlərin və kafirlərin aqibəti bir-birindən fərqlənəcək. Quranda Allahı inkar edənlərin məhşər günü kor, lal və kar olaraq dirildiləcəyi bildirilir.

"Allah kimi doğru yola yönəldirsə, o, doğru yoldadır. Kimi azdırırsa, onlara Ondan başqa dostlar tapa bilməzsən. Qiyamət günü Biz onları kor, lal və kar olduqları halda üzü üstə bir yerə toplayacağıq. Onların sığınacaqları yer Cəhənnəmdir. (Onun alovu) azaldıqca onlar üçün alovu artıracağıq."[24]

"Surun (ikinci dəfə) çalınacağı və günahkarları (qorxudan, yaxud susuzluqdan) gözləri göm-göy göyərmiş (və ya gözləri kor olmuş, üzləri qapqara qaralmış) halda məhşərə gətirəcəyimiz gün"[25]

"Hər kəs Mənim öyüd-nəsihətimdən (Qurandan) üz döndərsə, güzəranı daralar (yaxud qəbir evində şiddətli əzaba düçar olar) və Biz qiyamət günü onu məhşərə kor olaraq gətirərik!"

O belə deyər: "Ey Rəbbim! Nə üçün məni məhşərə kor olaraq gətirdin, halbuki mən (dünyada hər şeyi) görürdüm!"

(Allah) buyurar: "Elədir, amma sənə ayələrimiz (möcüzələrimiz, qüdrətimizə dəlalət edən əlamətlər) gəldi, sən isə (özünü görməməzliyə vurub) onları unutdun (iman gətirmədin). Bu gün eləcə də sən unudulacaqsan!"