Tikinti obyekti və fərdi evlərin enerji şəbəkəsinə qoşulmasına görə haqq ödəniləcək


Digərləri 01 Mar 2018 12:52:00 286 0

Tikinti obyekti və fərdi evlərin enerji şəbəkəsinə qoşulmasına görə haqq ödəniləcək

Azərbaycanda sahibkarlar tələb olunan gücü 150 kVt-a qədər (150 kVt da daxil olmaqla mövcud 0,4 kV-luq şəbəkədən) olan mövcud və ya inşa ediləcək tikinti obyektlərinin enerji təchizatı şəbəkəsinə qoşulmasına və məişət ehtiyacları üçün elektrik enerjisindən istifadə edən istehlakçılar tikinti obyektlərinin enerji təchizatı şəbəkəsinə qoşulmasına görə qoşulma haqqı ödəyəcək.

Son.az APA-ya istinadən xəbər verir ki, bu, prezident İlham Əliyevin fevralın 28-də imzaladığı "Sahibkarların mövcud və ya inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi ilə təchizatı prosedurunun sadələşdirilməsi haqqında" fərmanında dəyişiklik edilməsi barədə" fərmanında əksini tapıb.

Qoşulma haqqı  enerji təchizatı müəssisəsi (ETM) tərəfindən layihə sənədlərinin hazırlanmasına, enerji təchizatı şəbəkəsinin (ETŞ) gücləndirilməsinə, tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə, elektrik qurğularının ETŞ-yə fiziki qoşulmasına (istifadə olunan mal-materiallara çəkilmiş xərclər də daxil olmaqla) görə Nazirlər Kabinetinin müəyyən etdiyi vahid məbləğ olacaq. Qoşulma haqqının məbləğlərini kənd təsərrüfatı və sənaye təyinatlı, habelə ticarət, ictimai iaşə, məişət və digər növ xidmət göstərən tikinti obyektləri üzrə ayrılıqda və sahibkarların tələb olunan elektrik enerjisinin gücünə mütənasib olaraq diferensiallaşdırılmış qaydada Nazirlər Kabineti müəyyən ediləcək. Qoşulma haqqı sifarişçinin tikinti obyektinin ETŞ-yə qoşulmasının 24 gün müddətində və daha az müddətdə həyata keçirilməsinə görə fərqli məbləğlərdə müəyyən ediləcək. O cümlədən, əlavə gücün alınması üçün yeni texniki şərtlər verilərkən sifarişçi tələb etdiyi əlavə gücə uyğun qoşulma haqqı ödəyəcək.

Nazirlər Kabineti bir ay müddətində İqtisadiyyat Nazirliyinin, Energetika Nazirliyinin və "Azərişıq" Açıq Səhmdar Cəmiyyətinin təklifləri əsasında, sahibkarların tələb olunan gücü 150 kVt-a qədər (150 kVt da daxil olmaqla mövcud 0,4 kV-luq şəbəkədən) olan mövcud və ya inşa ediləcək tikinti obyektlərinin enerji təchizatı şəbəkəsinə qoşulmasına görə qoşulma haqqının məbləğlərini, Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etməlidir. Nazirlər Kabinetinə bir ay müddətində məişət ehtiyacları üçün elektrik enerjisindən istifadə edən istehlakçıların tikinti obyektlərinin elektrik enerjisi (gücü) alması üçün texniki şərtlərin, layihə sənədlərinin hazırlanması və verilməsi, habelə enerji təchizatı şəbəkəsinə qoşulması ilə bağlı prosedur və müddətlərin azaldılması üçün qanunvericilikdə dəyişikliklər edilməsi barədə təkliflərini bir ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək tapşırılıb. Eyni zamanda Nazirlər Kabineti iki ay müddətində  məişət ehtiyacları üçün elektrik enerjisindən istifadə edən istehlakçıların tikinti obyektlərinin enerji təchizatı şəbəkəsinə qoşulmasına görə qoşulma haqqının məbləğini, Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etməlidir.