DİN müsabiqə elan edib


Digərləri 28 Fev 2018 20:19:05 200 0

DİN müsabiqə elan edib

Daxili işlər orqanlarının fəaliyyətini işıqlandıran və tərənnüm edən nominasiyalar üzrə respublika müsabiqələri elan edilib.

Bakı. Daxili İşlər Nazirliyi (DİN) Azərbaycan Polisinin 100 illik yubileyi ilə əlaqədar daxili işlər orqanlarının fəaliyyətini işıqlandıran və tərənnüm edən nominasiyalar üzrə respublika müsabiqələri elan edir. Nazirlikdən Trend-ə verilən məlumata görə, müsabiqələrin mövzuları və keçirilməsi qaydaları aşağıdakılardır: - Azərbaycan Polisinin yaranma tarixi və təşəkkülü; - Respublika daxili işlər orqanlarının sovet dönəmindəki fəaliyyəti və əldə etdiyi təcrübə. Milis əməkdaşlarının 1941-1945-ci illər müharibəsi dövründəki fədakar xidmətləri; - Azərbaycan Polisinin müstəqilliyin ilk illərində topladığı təcrübə. Hüquqi dövlət quruculuğu prosesində, ölkədə kriminogen vəziyyətin nəzarətə alınması, asayişin və sabitliyin bərpası və qorunması; - Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ilk günlərindən başlayaraq Azərbaycan Polisinin keçdiyi xidmət və döyüş yolu; - Ağır və xüsusilə ağır cinayətlərin açılmasında, dövlət çevrilişinə cəhdlərin qarşısının alınmasında, istintaqının aparılmasında polisin fədakar xidməti; - İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi maarifləndirilməsi istiqamətində polis əməkdaşlarının fəaliyyəti; - Azərbaycan Polisinin beynəlxalq əməkdaşlığı, beynəlxalq polis təşkilatları ilə əlaqələri; Respublika Daxili İşlər Nazirliyində həyata keçirilən islahatlar, xidmətin müasir tələblər səviyyəsində təşkili. Ölkəmizdə asayişin daha müasir metodlarla qorunması üçün yaradılan yeni struktur təsisatları və onların informasiya texnologiyalarının tətbiqinə əsaslanan fəaliyyətinin nəticələri; - Polisin kadr özəyinin təkmilləşdirilməsində və daha da gücləndirilməsində xüsusi təyinatlı təhsil müəssisələrinin rolu; - DİN-in tibb müəssisələrində yeni texnologiyaların və elmi yeniliklərin tətbiqi; - Daxili işlər orqanları əməkdaşlarının fiziki hazırlığı. İdmançı əməkdaşların qazandıqları uğurlarda DİN-in İdman Cəmiyyətinin rolu; - Polisin ictimaiyyətlə əlaqələri; Müsabiqə “Ən yaxşı televiziya filmi (verilişi)”, “Ən yaxşı oçerk” və “Ən yaxşı mahnı” nominasiyaları üzrə keçirilir. Təqdim olunan televiziya filmi (verilişi), hekayə və mahnıya verilən tələblər: - Müsabiqədə hər müəllif yalnız bir nominasiya üzrə iştirak edə bilər. - Təqdim olunan əsərlər müəyyən edilmiş mövzular üzrə olmalıdır. - Müsabiqə üçün hazırlanmış əsərlər Daxili İşlər Nazirliyində yaradılmış Xüsusi Komissiyaya təqdim olunmalıdır. Əsərlərin qəbul qaydaları: 1. Hər hansı televiziya kanalında yayımlanan televiziya filmi (verilişi), mahnı diskdə, oçerk dərc olunduğu mətbuat orqanından (qəzet, jurnal) – 1 nüsxə 2. Əsərin elektron variantı (Arial (12) şriftində -CD diskdə) – 1 nüsxə 3. Əsərin A4 formatda çap olunmuş variant-mahnının partiturası (Müəllifin imzası göstərilməməlidir) – 3 nüsxə Tələb olunan sənədlər: 1. İştirakçı haqqında məlumat 2. Şəxsiyyət vəsiqəsi və surəti 3. Şəxsi VÖEN və surəti 4. Şəxsi bank rekvizitləri (şəxsi VÖEN əsasında açılmış bank hesabı və hesabın aktiv olması barədə bank tərəfindən təsdiq edilmiş sənəd) Daxili İşlər Nazirliyinə təqdim edilmiş yazılar və sənədlər geri qaytarılmır. - Müsabiqə 2018-ci il fevralın 28-də başlayır, mayın 30-da başa çatır. - Yaradıcılıq işləri hər gün (bazar günündən başqa) saat 10:00-dan 16:00-dək Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinə şəxsin özü tərəfindən təqdim olunmalıdır. - Sənədlər tam olmadığı və ya həqiqəti əks etdirmədiyi hallarda əsər müsabiqəyə buraxılmır. QEYD: Regionlarda fəaliyyət göstərən yaradıcı şəxslər müsabiqəyə yazıları özləri və ya səlahiyyətli nümayəndələri vasitəsilə təqdim edə bilərlər.