Oğuzda Bucaq-Muxas-Baş Daşağıl yolu yenidən qurulur (FOTO/VİDEO)


Digərləri 28 Fev 2018 15:30:00 232 0

Oğuzda Bucaq-Muxas-Baş Daşağıl yolu yenidən qurulur (FOTO/VİDEO)

Hazırda yol boyu yeni yol yatağının inşası işləri aparılır.

Bakı. Oğuz rayonu Bucaq-Muxas-Baş Daşağıl avtomobil yolu əsaslı şəkildə yenidən qurulur. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Trend-ə verilən məlumata görə, 17.5 km uzunluğa malik olan avtomobil yolu 2 hərəkət zolaqlı olmaqla 4-cü texniki dərəcəyə uyğun olaraq bərpa olunur. 6 metr hərəkət hissə, 2 metr çiyinlər olmaqla yolun eni 10 metr təşkil edəcək. Başlanğıcını respublika əhəmiyyətli R9 Qaraməryəm-İsmayıllı-Şəki-Oğuz avtomobil yolundan götürən yerli əhəmiyyətli yol torpaq və çınqıl örtüklüdür. Bu üzdən 4 yaşayış məntəqəsində yaşayan 4 min nəfər əhalini gediş-gəlişində çətinliklər olur. Lakin yolun yenidən qurulması bu çətinlikləri geridə qoyacaq. Hazırda yol boyu yeni yol yatağının inşası işləri aparılır. Buna paralel olaraq mövcud suötürücü boruların yenilənməsi və zəruri olan yerlərdə yenilərinin inşası işləri də görülür. Bu işlərə uyğun müxtəlif diametrli 200 metr uzunluğunda yeni dəmir-beton suötürücü borunun quraşdırılması nəzərdə tutulub.