Dövlət qulluğuna qəbul üçün müsahibələr keçirilir


Digərləri 26 Fev 2018 19:36:00 201 0

Dövlət qulluğuna qəbul üçün müsahibələr keçirilir

2018-ci il fevralın 26-da Dövlət İmtahan Mərkəzi tərəfindən 11 yanvar tarixində elan edilmiş dövlət qulluğuna qəbul üçün müsabiqənin müsahibə mərhələsi üzrə qeydiyyatdan keçmiş namizədlərlə müsahibələr davam etdirilmişdir.

Son.az bildirir ki, müsahibələr Bakı şəhəri, həmçinin DİM-in Gəncə, Şəki, Şirvan, Göyçay, Lənkəran, Bərdə regional bölmələri, Mingəçevir, Quba regional "ASAN" xidmət mərkəzi daxil olmaqla 18 müxtəlif yerdə təşkil edilmişdir.

Gün ərzində keçirilməsi nəzərdə tutulan 127 müsahibədən 73-ü baş tutmuş, 54 namizədlə müsahibə isə onların gəlməməsi səbəbindən baş tutmamışdır. Müsahibədə iştirak etmiş namizədlərdən 24-ü iddia etdiyi vəzifəyə uyğun hesab edilmiş, 2 nəfərin nəticəsi isə Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 21 iyun tarixli 1480 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Dövlət qulluğu vəzifəsinin tutulması məqsədi ilə müsahibə keçirilməsi Qaydası"nın 5.6-cı hissəsinə əsasən etibarsız hesab edilmişdir.

Nəzərə almaq lazımdır ki, müsahibələrin təşkili və keçirilməsi üçün DİM və dövlət orqanları tərəfindən kifayət qədər vəsait və resurslar sərf olunur. Xüsusilə nəzərə almaq lazımdır ki, müsahibələr ilk dəfə olaraq regionlarda da keçirilir və bu məqsədlə DİM və dövlət orqanlarının nümayəndələri bu bölgələrə ezam olunurlar.