Azərbaycanlı tələbələr Tbilisidə Xocalı soyqırımı ilə əlaqədar aksiya keçiriblər


Digərləri 25 Fev 2018 13:28:00 290 0

Azərbaycanlı tələbələr Tbilisidə Xocalı soyqırımı ilə əlaqədar aksiya keçiriblər

İ.Cavaxişvili adına Tbilisi Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən Azərbaycanın Dostları Klubu və "Borçalı-İrəli" İctimai Birliyinin təşəbbüsü ilə Gürcüstanın paytaxtı Tbilisidə Xocalı soyqırımının 26-cı ildönümü ilə əlaqədar yürüş-aksiya təşkil edilib.

Son.az report.az-a istinadən bildirir ki, aksiya iştirakçıları Rustaveli metrostansiyasının qarşısından başlayaraq Gürcüstan parlamentinin Tbilisidəki binasınadək yürüş ediblər.

Əllərində Azərbaycan və Gürcüstan bayraqlarını tutmuş gənclər yürüşboyu "Qarabağa azadlıq!", "Xocalıya ədalət!", "Gürcüstanın və Azərbaycanın torpaqları azad olunsun!" kimi şüarlar səsləndiriblər.

Xocalı soyqırımının tanıdılması və təbliğatı üçün gürcü dilində çap etdirilən bukletlər yolboyu Tbilisi sakinlərinə və turistlərə paylanılıb. Yürüş parlamentin qarşısında Xocalı qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başa çatıb.