Şirin olsa da, şəkərli diabet zamanı istifadə edilir


Digərləri 25 Fev 2018 08:22:00 193 0

Şirin olsa da, şəkərli diabet zamanı istifadə edilir

Yerkökü ən faydalı meyvəköklərindən sayılır, hələ eramızdan əvvəl III əsrdə onun əkilib-becərilməsinə dair məlumatlar var. Antik tibbin atası hesab olunan Hippokratın və Şərqin məşhur təbibi İbn Sinanın əlyazmalarında da bitki haqqında məlumatlara rast gəlmək mümkündür. Qədim zamanlarda istifadə edilən yerkökü sarı, ağ və bənövşəyi rəngdə olub. Ondan daha çox ətirli yarpaqları və toxumlarına görə istifadə edilib. Sonralar Hollandiyada mədəni sortların seleksiyası zamanı əldə edilən narıncı rəngli yerkökü daha şirin və yeməli olduğundan geniş şəkildə becərilməyə başlanılıb. 1991-ci ildə Avropa Şurasında yerkökü meyvə olaraq qəbul edilib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, meyvəyə narıncı rəng verən beta-karotin vaxtından qabaq qocalmanın qarşısını alır, immun sistemini möhkəmləndirir və orqanizmə müsbət təsir göstərir. Beta-karotin tərkibinə görə yalnız şirin bibərdən geri qalan yerkökü dadına görə onu qat-qat üstələyir.

Artıq çəkinin qarşısını almaqda vacib rol oynayan yod və sellüloza yerkökünün tərkibində çoxluq təşkil edir. Yerkökü ilə qidalanmazdan əvvəl səliqə ilə yuyub xüsusi bıçaqla təmizləmək lazımdır. Bitkinin üst qatında faydalı maddələr toplandığına görə onun qabığını nazik soyanda həmin maddələr itkiyə getmir. Cavan yerkökünü soymadan, axar su altında şotka ilə tərtəmiz yuyandan sonra istifadə etmək daha yaxşıdır.