Yaqub Mahmudov: Bu gün milli dəyərlərimizə sel kimi basqı var


Digərləri 24 Fev 2018 21:49:46 208 0

Yaqub Mahmudov: Bu gün milli dəyərlərimizə sel kimi basqı var

Bu gün milli dəyərlərimizə sel kimi basqı var

Bakı. “Fikrimcə, dünyada gedən proseslərin hansı məcraya yönəlməsi informasiyadan çox asılıdır. Əgər güclü dövlət başçılarının beyninə düzgün informasiya çatarsa, siyasət humanistləşər və bəşəriyyət dinc nəfəs alar. Amma bu, təəssüf ki, belə deyil!” Trend-in məlumatına görə, bunu AMEA Tarix İnstitutunun direktoru, millət vəkili Yaqub Mahmudov deyib. Yaqub Mahmudov qeyd edib: “Tarixçi olaraq, müqayisə aparmaq istəyirəm. Məncə, tarixin inkişaf dövrlərinə təzə birini də daxil etmək lazımdır. Bunu ironiya ilə yox, həqiqət olaraq deyirəm: bizim bir neçə - Paleolit, Neolit, Eneolit və Dəmir dövrümüz var. Bugünkü isə informasiya texnologiyaları dövrüdür”. Deputat deyib ki, Cümhuriyyət dövründə ölkənin böyük ziyalıları - Ceyhun bəy Hacıbəyli, Şəfi bəy Rüstəmbəyli, Xəlil İbrahim və Üzeyir bəy Hacıbəyli “Azərbaycan” qəzetinin baş redaktorları olublar: “Azərbaycan” qəzeti 1918-20-ci illər ərzindəki saylarında Azərbaycanın dövlət, ictimai-siyasi, iqtisadi və mədəni həyatını geniş əks etdirib. Qəzetdə erməni-daşnak qulduru Andronikin Zəngəzur, Naxçıvan və Qarabağda Azərbaycan xalqına qarşı törətdiyi soyqırımı, vəhşiliklər, Ermənistan Respublikası ərazisində yaşayan azərbaycanlıların acı taleyi, onların kütləvi surətdə məhv edilməsi və ata-baba torpaqlarından qovulması haqqında çoxlu məlumatlar dərc edilmişdi”. Akademik bildirib: “Üzeyir bəy Hacıbəyli sadəcə olaraq bizim peşəkar musiqimizin və jurnalistikamızın dahisi deyil, o, eyni zamanda Azərbaycan xalqının dövlətçilik tarixinin misilsiz ictimai, siyasi və dövlət xadimidir. Yeri gəlmişkən deyim ki, bu il buraxdığımız təqvim Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə, onun hər vərəqi isə cümhuriyyəti quran siyasi və dövlət xadimlərinə həsr edilib. Cümhuriyyət tarixinin bəzi xadimləri ağır təqiblər şəraitində ölkəni tərk etsələr də, Üzeyir bəy onu nələr gözlədiyini bildiyi halda heç yana getmədi. Yəni vətən yolunda şəhid olmağı şərəf sayaraq, ölümün gözünə dik baxıb burada yaşadı”.