On min il işləyəcək saat hazırlanır


Digərləri 24 Fev 2018 07:41:00 237 0

On min il işləyəcək saat hazırlanır

"Amazon" internet şirkətinin təsisçisi Ceff Bezos insan müdaxiləsi olmadan 10 min il işləyəcək mexaniki saatın inşasına başlayıb. Bu barədə "Twitter" səhifəsində məlumat verən şirkət yaradıcısı qurğunun montajını əks etdirən video yerləşdirib.   Son.az ICTnews-a istinadən bildirir ki, sahibkarın sözlərinə görə, hündürlüyü 152,4 metr təşkil edən və bütün hissələri mexaniki olan saat günorta ilə sinxronlaşdırılmış gündüz və gecə temperatur dövrələri vasitəsilə işə salınır. "Uzunmüddətli düşüncə simvolu - "10000YearClock" saatı Denni Hillis, Zander Rouz və mütəxəssislər qrupu tərəfindən yığılır", - o qeyd edib.   Məlumata görə, C.Bezos layihəyə 42 milyon dollar xərcləyib. Saat Qərbi Texasda ucqar dağda inşa olunur. 2011-ci ildə iş adamı saat barədə belə deyib: "On min il ərzində ABŞ Yer üzündən silinəcək. Bütöv sivilizasiyalar inkişaf edəcək və tənəzzülə uğrayacaq. Yeni idarəetmə sistemləri icad olunacaq. Siz, o cümlədən, heç kim dünyanı təsəvvür edə bilmir. Lakin biz bütün bunları saatın köməyi ilə keçməyə çalışacağıq".   Qurğunun quraşdırılmasının nə vaxt başa çatacağı barədə məlumat verilmir. Onun tam hazır olandan sonra istifadəyə verilməsi planlaşdırılır.