Bu yenilik təkcə tələbələrin yox, bütün xalqın gələcəyini dəyişə bilər


Digərləri 24 Fev 2018 07:00:00 258 0

Bu yenilik təkcə tələbələrin yox, bütün xalqın gələcəyini dəyişə bilər

Son.az xəbər verir ki, Milli Məclisdə "Təhsil kreditləri haqqında" Qanun layihəsinin hazırlıqlarına başlanılıb.

Milli Məclisin Elm və təhsil komitəsinin sədri, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti İsa Həbibbəyli bunula bağlı Trend-ə bildirib ki, bu qanun layihəsi ilk növbədə ehtiyacı olan tələbələrin minimum tələbatını - onun təhsil, kirayə, yataqxana haqqını, minimum kitab almaq üçün lazım olan xərcləri qarşılaya biləcək təhsil kreditlərinin verilməsi məsələsini əhatə edəcək:

"Bu krediti alan tələbələrin ali məktəbi bitirib mütəxəssis kimi işləməyə başladıqdan sonra müəyyən olunmuş faizlərlə həmin vəsaiti geri qaytarması nəzərdə tutulur".

Hazırlanacaq yeni qanun layihəsi ilə bağlı Son.az-a açıqlama verən təhsil məsələləri üzrə ekspert, Milli Məclisin Elm və Təhsil Komissiyasının sabiq sədri Şahlar Əsgərovun fikrincə bu, çox vacib sənəddir:

"Onu bildirim ki, bu çox əhəmiyyətli qanun layihəsidir. Çünki 17-18 yaşında, ata-anasının himayəsində olan bir gəncə dövlət tərəfindən də kömək pəncərəsi açılmayanda tam ümidsiz vəziyyətə düşür. Təhsil krediti dünyada çox geniş yayılmış bir şeydir. Bizdə qəbul olunsa, çox yaxşı olar. Bu yenilik təkcə tələbələrin yox, bütün xalqın gələcəyini dəyişə bilər. Çünki təhsilə qoyulan vəsait xalqın gələcəyinə qoyulmuş sərmayə deməkdir".