Sədr müavini: "Uşaqlara Tufan, Sunami və Qazax adını qoymaq üçün müraciətlər edilib"


Digərləri 23 Fev 2018 11:42:40 230 0

Sədr müavini: "Uşaqlara Tufan, Sunami və Qazax adını qoymaq üçün müraciətlər edilib"

Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının nəzdindəki "Adlar və soyadlar" komissiyasına valideynlər tərəfindən uşaqlara Tufan, Sunami, eləcə də Qazax rayonunun adının qoyulması üçün müraciətlər edilib.

Son.az xəbər verir ki, bunu Trend-ə Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədr müavini Sayalı Sadıqova deyib.

Onun sözlərinə görə, bu müraciətlərə mənfi cavab verilib:

"Valideynlər bizə müraciət edərək bildiriblər ki, uşaq 8 aydır, doğulub, adsızdır, biz ona Sunami adını qoymaq istəyirik. Bundan başqa, dünən oğlan uşağına Tufan adının qoyulması üçün müraciət edilib. Daha bir oğlan uşağı isə Qazaxda dünyaya gəldiyi üçün onun adını Qazax qoymaq istəyirdilər. Biz bu müraciətlərin hər üçünə mənfi cavab vermişik".

S.Sadıqova qeyd edib ki, Ayşə adını dəyişib, Ayişəm formasında qoyulması üçün də müraciət edilib: "Bu müraciətə hələ cavab verilməyib".