Pakistanlı general: Müxtəlif döyüşlərin şahidi olmuşam, amma Xocalıda törədilmiş vəhşiliklərin oxşarını görməmişəm


Digərləri 21 Fev 2018 20:27:08 271 0

Pakistanlı general: Müxtəlif döyüşlərin şahidi olmuşam, amma Xocalıda törədilmiş vəhşiliklərin oxşarını görməmişəm

İslamabadda “Xocalı Soyqırımının” 26-cı ildönümünə və “31 Mart - Azərbaycanlıların Soyqırımı Günü”nün 100-cü ildönümünə həsr olunmuş seminar keçirilib.

Bakı. Azərbaycanın Pakistandakı səfirliyi və Pakistan Xarici İşlər Nazirliyinin İslmabad Strateji Tədqiqatlar İnstitutu tərəfindən təşkil olunmuş, “Xocalı Soyqırımının” 26-cı ildönümünə və “31 Mart - Azərbaycanlıların Soyqırımı Günü”nün 100-cü ildönümünə həsr olunmuş “İnsanlığa qarşı cinayətlər-Etnik Təmizləmə və Soyqırımları” mövzusunda seminar İslamabad şəhərində keçirilib. Səfirlikdən Trend-ə verilən məlumata görə, Pakistan Baş Nazirinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri, ehtiyyatda olan general-leytenat Nasir Xan Cancuanın ali qonaq qismində iştirak etdiyi tədbirə İslamabad Strateji Tədqiqatlar İnstitutunun direktoru, səfir Xalid Mahmud, Kayde Əzəm Universitetinin beynəlxalq əlaqələr fakültəsinin professoru Zafar Caspal, Türkiyə, Özbəkistan və Tacikistanın Pakistandakı səfirləri, yüksək rütbəli diplomatlar, media mənsubları, tədqiqatçılar və ictimaiyyətin nümayəndələri qatılıblar. Seminarda Soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükütla yad edilib, Xocalı Soyqırımına dair sənədli film nümayiş etdirilmiş, seminarın keçirildiyi zalın foyesində qətliamın nəticələrini əks etdirən foto-stend, eləcə də Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə, Azərbaycan həqiqətlərinə dair müxtəlif məzmunlu kitablar, bukletlər və digər əyani materiallar sərgilənib, iştirakçılar arasında yayılıb və paylanıb. Seminarı giriş sözü ilə açan İnstitutun direktoru Xalid Mahmud “Böyük Ermənistan” xəyalları ilə yaşayan erməni ekstremistlərinin tarixən Azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti yeritdiyini, 1918-ci ilin mart ayında Azərbaycanlılara qarşı kütləvi qırğınlar törətdiyini, özünün Azərbaycana səfəri zamanı Quba məzarlığında bu qəddarlığın şahidi olduğunu qeyd edib, Ermənistan tərəfindən törədilən, tarixin ən dəhşətli hadisələrindən olan Xocalı Soyqırımının artıq dünya tərəfindən qəbul edilərək tanındığını vurğulanıb. Kayde Əzəm Universitetinin beynəlxalq əlaqələr fakültəsinin professoru Zafar Caspal bəşəriyyət əleyhinə cinayətlərə siyasi mülahizələr səbəbindən zamanında ədalətli qiymət verilmədiyini, ikili standardlar üzündən dünyanın aparıcı dövlətlərinin Ermənistan tərəfindən törədilən soyqırımların, o cümlədən Xocalı Soyqırımına ədalətli münasibət göstərilmədiyini diqqətə çatdırıb, Xocalıya ədalətin bərqərar edilməsinə çağırıb.