"Mən aşıq Namiqdən pul almamışam"


Şou-biznes 21 Fev 2018 14:59:00 384 0

"Mən aşıq Namiqdən pul almamışam"

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Rəşad Babayev və Elnur Həsənovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Son.az-ın report-a istinadən xəbərinə görə, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən E.Həsənov sərbəst ifadə verib.

O bildirib ki, "8-ci km" bazarında fəhlə işləyib: "Bu işlərin heç birinin mənə adiyyəti yoxdur. Mən zərərçəkmişlərdən təkcə Habil Hənifəyevi tanıyıram. Onunla tanışlığım belə olub. Oturmuşdum, birdən zəng gəldi. O, özünü Habil kimi təqdim etdi. Məndən soruşdu ki, ""BestComp Group" şirkətinin rəhbəridir?" Ona həmin şəxs olmadığımı dedim".

E.Həsənov söyləyib ki, digər təqsirləndirilən R.Babayevin yanında fəhlə kimi çalışıb: "O, şirkətdən malları götürürdü, mən maşından boşaldırdım. Mənim işim ancaq kompüterləri maşından boşaltmaq olub. "BestComp Group" şirkətinə daxil olanda qapıları həmin şirkətin işçiləri açırdı, malları da orada çalışan fəhlələr yükləyirdi. Mallar sənədlərlə götürülürdü. Bir-iki dəfə olub ki, mən təkcə malları şirkətdə işləyən Elşən müəllimdən götürüb, aparmışam. Onu da qohumlar istəyəndə edirdim. Rəşad Babayev şirkətdən götürdüyü malların pulunu verəndə görmüşəm. Çünkü pulu mənə göstərmişdi, şirkətdən çıxanda isə cibində pul yox idi. Ona fəhlə kimi kömək etdiyim üçün Rəşad mənə 20 manat pul verib".

E.Həsənov zərərçəkmiş Namiq Hüseynovdan pul almadıqlarını deyib.

E.Həsənov "BestComp Group" şirkətinin nümayəndəsinin suallarını cavablandırarkən məlum olub ki, o, özünü şirkət əməkdaşlarına Eldar adı ilə təqdim edib. 

E.Həsənov əvvəl bunu təkzib etsə də, sonra "hə, olub bir dəfə belə hal, amma bilmirəm" cavabını verib.

Daha sonra digər təqsirləndirilən R.Babayev dindirilib. O, BestComp Group" şirkətində sürücü vəzifəsində çalışdığını, ayda 680 manat maaş aldığını deyib. R.Babayev zərərçəkmişlərdən 41 min manat pul götürdüyünü və onlara 65 min manat pul qaytardığını söyləyib: "Heç bir sənədə qol çəkmədik. Habildən isə pul almamışam. Elnur Həsənovu da özümə fəhlə götürmüşdüm".