Ərdoğanın sözçüsü: “Türkiyənin Dəməşqdəki rejimlə rəsmi təmas qurması mümkün deyil”
Dünya 21 Fev 2018 14:36:00 225 0
İbrahim Kalın deyib ki, Bəşşar Əsəd rejiminə mesajlarını Rusiya və İran vasitəsilə çatdırırlar
“Report” “Haberler”ə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Administrasiyasının sözçüsü İbrahim Kalın deyib.
“Astana çərçivəsində 3 təmanatçı dövlətdən biri olaraq, Suriya ərazisində baş verən hadisələri əlaqələndirmək üçün mexanizm yaratmışıq. Vaxtaşırı olaraq, bu mesajlar Rusiya və İran vasitəsi ilə Dəməşqdəki rejimə də çatdırılır”, - deyə o, vurğulayıb.
İ.Kalın bildirib ki, bu çətin və dolayı bir mexanizmdir: “Fövqəladə şəraitdə zərurət yaranarsa kəşfiyyat qurumumuzun birbaşa və ya dolayı yolla təmas qurması mümkündür. Ancaq Ankara-Dəməşq arasında siyasi və başqa sahələrdə birbaşa təmas qurulmasından söhbət gedə bilməz”.
Qeyd edək ki, BMT Suriyada Bəşşar Əsəd hökumətini tanıyır. Amma rəsmi Ankara onun legitimliyini qəbul etmir.