Günay Əfəndiyevaya Qazaxıstanda kitab hədiyyə etdilər FOTO


Digərləri 21 Fev 2018 14:00:00 234 0

Günay Əfəndiyevaya Qazaxıstanda kitab hədiyyə etdilər  FOTO

Qazaxıstanın Astana şəhərində səfərdə olan Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə silsilə tədbirlərdə iştirak edəcək.

Fonddan Son.az-a verilən məlumata görə, Günay Əfəndiyeva səfər çərçivəsində Qazaxıstan Milli Akademik Kitabxanasının baş direktoru Umutkan Munalbayeva ilə görüşüb. Görüşdə Azərbaycanın Qazaxıstandakı səfiri Rəşad Məmmədov da iştirak edib.

G.Əfəndiyeva bildirib ki, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prioriteti türk dünyasının sahib olduğu mədəni irsi qoruyaraq, araşdıraraq, dünyada tanıdaraq və gələcək nəsillərə miras qoyaraq özümüzə qaytarmaqdır. O, türkdilli xalqların dünya tarixində və mədəniyyətində əhəmiyyətli rol oynadığını, türkdilli dövlətlərin və xalqların ümumi tarixi köklərə, ortaq zəngin irsə, dilə, incəsənətə, ədəbiyyata, adət-ənənələrə, milli mənəvi dəyərlərə malik olduğunu qeyd edib.

Fondun prezidenti onun yeni yaradılmasına baxmayaraq, türk tarixi və mədəniyyəti ilə bağlı bir sıra layihələr üzərində işlədiyini qeyd edib. O, bildirib ki, bu layihələrdən biri də "Koroğlu" dastanının çap edilməsidir. Belə ki, üzv ölkələrin hər birinin özünə xas tarixi və ədəbi variantı var. Fondun prezidenti mart ayının sonunda hazır olacaq "Fəlsəfi türk düşüncələri antologiyası" layihəsi haqqında da ətraflı danışıb. Onun sözlərinə görə, layihənin mart ayında Bakıda, sonra Astanada təqdimatının keçirilməsi nəzərdə tutulur. Fondun rəhbəri kitabxanada üzv ölkələrin guşəsinin yaradılmasını da təklif edib.

"Türk dünyası qadın şairələrinin antologiyası" ideyası üzərində də işlədiyini vurğulayan G.Əfəndiyeva deyib ki, Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin latın qrafikalı qazax əlifbasının yeni versiyasını təsdiqləyən fərmanı da türkdilli ölkələrin yaxınlaşmasına, ümumi dildə danışmasına imkan verəcək.


Xəbərə aid fotolar