Sünnət olunubolunmamaq qərarını oğlanların özləri verəcəklər?


Digərləri 20 Fev 2018 21:25:00 300 0

Sünnət olunubolunmamaq qərarını oğlanların özləri verəcəklər?

"The Independent" yazır ki, İslandiyada kişi sünnətinin qadağan olunmasına dair millət vəkillərinin verdiyi təklif dini icma başçıları tərəfindən hiddətlə qarşılanıb.

Qanun layihəsi "cinsi orqanın qismən və ya bütövlükdə kəsilib çıxarılmasına" görə 6 il müddətinə həbsxana cəzası nəzərdə tutur.

İslandiya Müsəlman Assosiasiyasının sədri Salmann Tamimi bu təklifi "din üzərinə hücum" adlandırıb.

İslandiyada qız sünnəti 2005-ci ildən qadağan edilib, lakin oğlan uşaqlarının sünnətini tənzimləyən qanun hələ yoxdur.

Sünnəti oğlan uşaqlarının hüquqlarının "pozulması" adlandıran qanun bu prosedura yalnız "tibbi ehtiyac" olduqda icazə verir.

Qanunda deyilir ki, oğlan uşaqlarına sünnət olunub-olunmamaq qərarını həddi-büluğa çatdıqda özlərinin qəbul etmələrinə imkan vermək lazımdır.

"The Independent" yazır ki, kişi sünnəti dünyada ən geniş yayılmış cərrahiyyə əməliyyatlarından biridir və qlobal miqyasda indiyədək kişilərin 38 faizi bu əməliyyatdan keçib.

Eyni məlumat mənbəyinə görə, sünnət əməliyyatlarının tam yarısı dini məqsədlərlə həyata keçirilir.

Məqalədə bu da qeyd olunur ki, İslamda kişi sünnəti mübahisəli məsələ olaraq qalır. Bəzi müsəlmanlar onun məcburi olduğunu, bəziləri isə yalnız tövsiyə edildiyini deyirlər. Buna baxmayaraq, sünnət İslamda bayram kimi qeyd olunan ayinlərdən biri sayılır.

Yəhudilərdə oğlan uşaqlarının sünnət edilməsi dini əhəmiyyət kəsb edir və oğlanların böyük əksəriyyəti doğulandan sonra bir həftə müddətində sünnət olunur.

İslandiya yepiskopu Agnes M. Sigurdardottir təklif olunan qanunu tənqid edərək deyib ki, bu, müsəlmanların və yəhudilərin dini inanclarını kriminallaşdırır. O, əvəzində yalnız təhlükəli sünnət əməliyyatlarının qadağasına çağırır.

"The Independent" qəzetinə verdiyi bəyanatda baş yəhudi rahibi, Avropa Ravvinləri Konfransının prezidenti Pinchas Goldschmidt deyib ki, o, təklif olunmuş qanun layihəsindən "son dərəcə narahatdır".

"İslandiyadakı yəhudi icması azsaylı olsa da, biz bunun bütün Avropada yaradacağı presedentə və yəhudilərin öz dinlərinə açıq və sərbəst şəkildə ibadətində törədəcəyi təhlükələrə biganə qala bilmərik", -Goldsmith deyib.

Britaniyada yəhudi icmasının oğlanları sünnət etmək haqqının müdafiəsi ilə məşğul olan Milah UK təşkilatının sözçüsü deyib ki, "sünnət yəhudi kimliyinin müzakirəolunmaz elementidir". Sözçü bildirib ki, belə qadağa "yəhudi icmasının yaşamasını qeyri-mümkün edə bilər".

İslandiyada nə qədər yəhudinin yaşamasına dair rəsmi rəqəmlər olmasa da, Pewaraşdırma mərkəzinin 2010-cu ilə olan məlumatına görə, yəhudilər əhalinin 0,1 faizini təşkil edirlər.