Əlillərin təqaüdünün artırılması üçün büdcədən 6 milyon manata yaxın vəsait ayrılacaq


Digərləri 20 Fev 2018 13:11:00 289 0

Əlillərin təqaüdünün artırılması üçün büdcədən 6 milyon manata yaxın vəsait ayrılacaq

Prezident İlham Əliyev tərəfindən müharibə əlillərinə, 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlil olmuş şəxslərə və şəhid ailələrinə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün artırılması haqqında 19 fevral 2018-ci il tarixli sərəncamların imzalanması bu təbəqələrdən olan vətəndaşların rifah halının yaxşılaşdırılmasına göstərilən diqqət və qayğının növbəti təzahürüdür.

Son.az xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, Azərbaycan Prezidentinin "Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün artırılması haqqında" 19 fevral 2018-ci il tarixli sərəncamı 12 556 şəhid ailəsinə şamil olunacaq. Sərəncamla şəhid ailələrinə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün aylıq məbləği 2018-ci il martın 1-dən 10 faiz artırılacaq və bu artımın həyata keçirilməsi üçün dövlət büdcəsindən ilin sonunadək 2,9 milyon manat əlavə vəsaitin ayrılması təmin olunacaq.

Azərbaycan Prezidentinin "Müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün artırılması haqqında" 19 fevral 2018-ci il tarixli sərəncamı 20 744 nəfər müharibə əlili və onlara bərabər tutulan şəxsə şamil olunacaq. Onlardan 14 134 nəfərini Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər, 345 nəfərini İkinci Dünya müharibəsi əlilləri, 3363 nəfərini hərbi xidmət vəzifələrini yerinə yetirərkən əlil olanlar, 2902 nəfərini Çernobıl AES-də hərbi xidmətlə əlaqədar əlil olanlar təşkil edir. Sərəncamın icrası ilə əlaqədar qeyd olunan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünə müvafiq artımın təmin olunması üçün dövlət büdcəsindən ilin sonunadək 3 milyon manata yaxın əlavə vəsait ayrılacaq.

Növbəti sərəncam - "1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlil olmuş şəxslərə Azərbaycan Prezidentinin təqaüdünün artırılması haqqında" sərəncam isə 307 nəfərə şamil olunacaq və onlara Azərbaycan Respublikası Prezidentinin təqaüdlərinin artırılması üçün dövlət büdcəsindən ilin sonunadək ayrılacaq əlavə vəsait 40,8 min manat təşkil edəcək.

Qeyd olunan üç sərəncam şəhid ailələrindən, müharibə və 20 Yanvar əlillərindən ibarət olmaqla ümumilikdə 33,6 min nəfəri əhatə edəcək və həmin sərəncamlarda nəzərdə tutulan artımların həyata keçirilməsi üçün dövlət büdcəsindən ilin sonunadək 6 milyon manata yaxın əlavə vəsait ayrılacaq.

Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən imzalanan və müharibə əlillərinə, 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlil olmuş şəxslərə, şəhid ailələrinə dövlət qayğısının artırılmasını nəzərdə tutan hər üç sərəncamın icrası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən vaxtında və tam şəkildə təmin ediləcək.