Uşağını döyən valideynlər problemdən çıxış yolu varmı?


Digərləri 19 Fev 2018 22:49:00 249 0

Uşağını döyən valideynlər  problemdən çıxış yolu varmı?

Bu günlərdə sosial şəbəkələrdə bir ürək parçalayan video paylaşılmışdı. İsveçrədə valideyni tərəfindən döyülən uşağın ailədən alınıb, Uşaq Sığınma Mərkəzinə aparılması təsvir edilirdi videoda. Uşaq valideyni tərəfindən döyüldüyü halda, ondan ayrılmaq istəmir, peşman olmuş valideyn polis əməkdaşları və Sığınma Mərkəzi əməkdaşlarına müqavimət göstərir, uşağının ondan qoparılmasına icazə vermək istəmir. Amma nəticə dəyişmir. Uşağı onu döyən valideynlərindən alıb, mərkəzə verirlər. Daha təhlükəsiz bir yaşayış üçün...

Hər il dünyada 2.5 milyon uşaq döyülür...

Son.az bildirir ki, "Yeni Müsavat" bu dəfə dünyada və Azərbaycanda döyülən uşaqlardan yazır. Statistikaya görə, dünyada 14 yaşına qədər 2,5 milyon həddi-buluğa çatmamış uşaq valideyni tərəfindən döyülür. Sərt rəftardan xilas olmaq üçün 50 mindən çox uşaq hər il evdən qaçır. Məişət zorakılığına məruz qalan uşaqların sayı 50 faizi keçib. Məişət zəminində ailələrdə baş verən cinayətlərin 30-40 faizi uşaqlarla bağlı olur. Azyaşlılara qarşı törədilən mənəvi və fiziki zorakılıq ailə çərçivəsindən çıxaraq cəmiyyətin müxtəlif sferalarını əhatə etməyə başlayıb. Bir çox valideynlərin inadla "uşaqların özləri zorakılığın yaranmasına səbəb olur" deməsinə baxmayaraq, qanun bütün hallarda valideyni məsuliyyət qarşısına çəkir.

Uşaqlara Qarşı Zorakılıq üzrə Dünya Hesabatına görə, hər il milyonlarla uşaq məcburi əməyə cəlb edilir, fahişəlik məqsədilə istismar olunur və insan alverinin qurbanına çevrilir. Hesabata görə,  il ərzində bütün dünya üzrə 53 min uşaq qətlə yetirilir. Bu uşaq ölümlərindən 22 mini 15-17 yaşlı uşaqların payına düşür ki, onların da təxminən 75 faizi oğlanlar olub.  80-90 faiz uşaqlar evlərində fiziki cəzadan əziyyət çəkir. 100-dən artıq ölkədə  uşaqlar hələ də məktəblərdə istifadə edilən çubuq, kəmər və sair alətlərlə bədən cəzaları alırlar və yaxud belə təhlükə ilə üzləşirlər. Ən azı 30 ölkədə cəzaçəkmə müəssisələrində  hələ də uşaqlar qamçı və ya çubuqla döyülmə cəzasına məhkum edilirlər.

Müasir dünyada uşaqların yalnız 2,4 faizi cəza müəssisələrində qanunla müdafiə olunurlar. Hər il 133275 milyon uşaq valideynləri arasında zorakılıq hallarının şahidi olurlar. İnkişaf etmiş ölkələrdə məktəbyaşlı uşaqların 65 faizi mənəvi və ya fiziki təhdidə məruz qalırlar. Yaşı 18-dən az olan təqribən 150 milyon qız və 73 milyon oğlan məcburi cinsi əlaqəyə cəlb edilir və cinsi zorakılığın digər formaları ilə üzləşiblər.

21 ölkədə aparılan sorğuya əsasən qadınların ən azı 7, kişilərin isə 3 faizi məhz uşaqlıq dövründə cinsi təcavüzün qurbanı olduqlarını bildiriblər. 15 yaşına qədər ilk cinsi əlaqəyə girdiyini bildirən qadınların 45 faizi bunun məcburi olduğunu söyləyiblər.

Hesabata əsasən, dünyada 218 milyon azyaşlı uşaq əməyinə cəlb edilir ki, onlardan 126 milyonu təhlükəli işlərdə çalışır. Ümumilikdə, dünya üzrə il ərzində 57 milyon uşaq məcburi əməyə cəlb olunur, 18 milyon isə fahişəlik məqsədilə istismar edilir, 1,2 milyon uşaq isə insan alverinin qurbanı olur.

Valideyn iki səbəbdən uşağını döyür

Bəli, bizim ölkəmizdə də belə hallar tez-tez yaşanır. "Kötək cənnətdən çıxmadır", "Uşağın başından qapazını əskik etməməlisən", "Qızını döyməyən dizini döyər"... Görün fiziki zorakılığı təbliğ edən nə qədər atalar sözümüz var. Məhz bunun sayəsindədir ki, zamanında fiziki zorakılıq görənlər də bir qayda olaraq öz uşaqlarına qarşı bu cəza üsulundan istifadə edirlər. Psixoloqlar da məhz bunu iddia edir: fiziki zorakılıq qurbanı olan daha sonra öz uşağını da fiziki zorakılıq qurbanına çevirir. Bunun psixologiyada bir neçə izahı var. İlkin qənaətə görə, valideyn bunun doğru cəzalandırma üsulu olduğunu düşünür. "Məni valideynlərim zamanında döyməsəydilər, avaranın biri olacaqdım" deyən nə qədər insan tanıyırsız ətrafınızda? Onlar öz aləmlərində düşünürlər ki, uşaqlarını döyməklə onu da düz yola gətirəcəklər. İkinci variant isə odur ki, uşaqlığında döyülən insan şüuraltı bunun intiqamını illər sonra öz uşağından çıxır. İçindəki qisas, neqativ bu şəkildə reallaşır. Olan isə uşağın psixologiyasına olur.

Azərbaycan qanunları -  uşağını döyən valideyni neçə illik həbs müddəti gözləyir?

Ailələrdə, cəmiyyətin ayrı-ayrı sferalarında uşaqlara qarşı törədilən zorakılıq halları Azərbaycanda da 14 yaşına qədər olan uşaqlara qarşı cismani cəzanı qadağan edən qanun layihəsinin gündəmə gəlməsinə səbəb olub. "Uşaqların cismani cəzadan qorunması haqqında" qanun layihəsi ilə əlaqədar Cinayət və İnzibati Xətalar məcəllələrinə bununla bağlı məsuliyyət yaradacaq maddələrin əlavə ediləcəyi nəzərdə tutulub. Belə ki, müvafiq olaraq müxtəlif cərimələrdən, inzibati məsuliyyətdən tutmuş, 3 il müddətinə həbsə qədər cəzalar nəzərdə tutulur. Ümumilikdə yeni qanunda ailələrdə, uşaq evlərində, bağçalarda, məktəblərdə, eləcə də uşaq həbsxanalarında uşaqların cismani cəzadan qorunması ilə bağlı qabaqlayıcı müddəalar öz əksini tapıb. Məqsəd polis, icma, ailə və digər yerlərdə uşaqlara qarşı hər hansı fiziki təzyiqin tətbiq edilməsinin qarşısını almaqdır.