Torontoda 9 metr hündürlükdən yıxılıb şikəst qalan Natəvanın dramı FOTO


Digərləri 19 Fev 2018 12:44:00 224 0

Torontoda 9 metr hündürlükdən yıxılıb şikəst qalan Natəvanın dramı  FOTO

Kanadaya mühacirət edən və restoran biznesində özünə təzəcə karyera qurmağa başlayan 23 yaşlı azərbaycanlı qız Natəvan Xasiyeva 9 metr hündürlükdən yıxılaraq şikəst qalıb. Onun müalicəsi və reabilitasiyası üçün kanadalılar xüsusi fond yaradıb. Hazırda qız əlil arabasında özünün zərgərlik məmulatlarını hazırlayıb internetdə satır və psixologiya üzrə magistr dərəcəsi almaq üçün hazırlaşır.

Son.az virtualaz.org-a istinadən xəbər verir ki, Natəvan Xasiyeva 2017-ci il mayın 29-da bir neçə yaxın dostu ilə birlikdə Torontodakı binalardan birinin çardağındakı restoranda olarkən yıxılıb. Xasıyeva ehtiyatsızlıq edərək binanın damı ilə qonşu barın divarı arasındakı 15 santimetrlik boşluğu örtən şüşə-plastik materialın üstünə çıxıb. Bu zaman material onun ağırlığına tab gətirməyib və sınıb. Azərbaycanlı qız 9 metr hündürlükdən iki binanın arasındakı boşluğa düşüb. Nəticədə onurğası iki yerdən sınıb.

"O, orada dayanmışdı, birdən yoxa çıxdı"-Natəvanın dostlarından Glen Sarcent danışıb.

"Mən bir saniyəlik ona baxdım və birdən yüksək çatıltı səsini və nəyinsə aşağı düşdüyünü eşitdim, boşluq onu artıq udmuşdu..."-Sarcent xatırlayır.

Xasıyeva necə xilas olunduğunu xatırlayır, amma deyir ki, həmin vaxt danışa bilmirdi və bütün gücü ilə nəfəs almağa çalışırdı. "Mən həmin vaxt ağrı hiss etmədim, görünür adrenalinin təsirindən idi"-qız deyir.

"Bir anlıq araya sükut çökdü, sonra qışqırıqlar başladı, ora-bura qaçmağa başladıq. Bu, tam terror idi"-Sarcent deyir.

Natəvanın düşdüyü boşluq küçədən hər iki tərəfdən divarla bağlı olduğundan dostları ona ancaq ikinci mərtəbədən pəncərədən keçməklə əl uzada bilib. Dostlardan biri, 24 yaşlı Peris Kapernonis arıq olduğundan pəncərədən Natəvanın düşdüyü boşluğa keçə bilib və xilasedicilər gələnə qədər onun yanında qalıb.

"Bu, çox dəhşətli idi, mən ona toxunmaq istəmədim, həkimlərin gəlişini gözlədim"-o xatırlayır.

Toronto polisi və xilasedicilər beş dəqiqə sonra hadisə yerinə gediblər. Kapersonisin köməyi ilə onlar Natəvanı dama qaldıra biliblər və xəstəxanaya aparıblar. Həkimlər ilkin müayinədən sonra qızın daha yeriyə bilməyəcəyini deyiblər.

Natəvanın dayısı Teymur Əsədov xatırlayır ki, ona polisdən zəng vurub qohumunun ciddi qəza keçirdiyini deyiblər. "Mən xəstəxanaya gəlndə dostları yanında idi, dedilər ayaqlarını tərpədə bilmir...Həkimlərlə danışdım və onlar dərhal təsdiq etdilər ki, Natəvan daha yeriyə bilməyəcək"-Əsədov xatırlayır.

Xasıyeva bir gün sonra əməliyyat olunur, onun onurğasına iki metal mil bərkidilir. Həkimlər deyirlər ki, qız möcüzə nəticəsində sağ qalıb, çünki bu hündürlükdən yıxılaraq beyin zədələnməsi almamaq şansı bir faizdir.