Qəbizlik nə ilə təhlükəlidir?


Digərləri 18 Fev 2018 23:55:00 325 0

Qəbizlik nə ilə təhlükəlidir?

Qəbizlik "ədəbsiz" sayılan xəstəliklərdən biridir ki, onun haqqında hətta həkimlə də danışmaq "qəbahət" hesab olunur. Bundan başqa, əksər insanlar qəbizliyi heç də təhlükəli hesab etmirlər.

Son.az saglamolun.az-a istinadən bildirir ki, bəzi insanlar illərlə bu xəstəlikdən əziyyət çəkərək, işlədici dərmanlar içib, imalələr edib və digər üsullarla "müalicə" olunaraq həkimə müraciət etmirlər. Çox nahaq! Qəbizlik yüngülvari halsızlıq deyil, orqanizm üçün ciddi fəsadlar verə bilən böyük bir problemdir!

Bəs, qəbizlik nə ilə təhlükəlidir? Əgər insan, xüsusən də uzun illər ərzində qəbizlikdən əziyyət çəkirsə, onun bağırsağı normal şəkildə fəaliyyət göstərə bilmir, qidanın tərkibində olan vitamin və mineral maddələrin mənimsənilməsi xeyli dərəcədə çətinləşir, nəticədə maddələr mübadiləsi pozulur. Digər tərəfdən, qəbizliyin xroniki forma alması nəticəsində orqanizmdə xeyli miqdarda toksinlər, şlaklar, zəhərli maddələr də yığılır. Qana sorulan bu maddələr orqanizm boyunca yayılaraq bütün orqanları zəhərləyir, sinir sistemini, hətta beyini də zədələyirlər. Ona görə də xroniki qəbizliklər bəzi hallarda, sanki onlarla heç bir əlaqəsi olmayan patoloji halların - güclü baş ağrıları, yaddaş pozğunluğu, həddindən artıq əsəbilik, və hətta qocalıqdakı ağıl zəifliyi kimi əlamətlərin baş verməsinə səbəb olurlar.

Xroniki qəbizliklər bizim qara ciyərimizə ciddi zərər vururlar! Məsələ bundadır ki, bu orqanın əsas vəzifələrindən biri - orqanizmdə olan toksinlər və digər zərərli maddələri zərərsizləşdirərək onları bədəndən xaric etməkdən ibarətdir. Bu maddələr bədəndə xeyli dərəcədə çox yığıldıqda (qəbizliklər nəticəsində) qara ciyər də həddindən artıq dərəcədə yüklənərək zədələnir. Qara ciyər əvvəldən də xəstə olduqda isə, qəbizliklər daha çox qorxulu  olur.

Yoğun bağırsaqda xərçəngin əmələ gəlmə səbəblərinin araşdırılması zamanı tədqiqatçı alimlər belə bir nəticəyə gəlmişlər ki, xroniki qəbizliklər də bu qorxulu xəstəliyin inkişaf etməsinə təsir edə bilərlər. Məsələ bundadır ki, bizim bütün həyatımız boyu, mədə- bağırsaq sistemindən minlərlə kanserogen (xərçəng xəstəliyinə səbəb ola bilən) maddələr keçib gedir. Aydındır ki, qəbizlik olduqda bu zərərli maddələr orqanizmdə daha uzun müddət ərzində qalırlar. Onlar orqanizmdə nə qədər çox qalırlarsa, xərçəngin inkişaf etmə ehtimalı daha artıq olur. Yaşlı adamlarda bu risk daha çox olur. Axı onlarda xroniki qəbizlik daha çox təsadüf edilir. Buna görə də onların xərçənglə xəstələnmə təhlükəsi daha yüksək olur.