Əli Əhmədov Macarıstanın Baş naziri ilə görüşdü


Digərləri 17 Fev 2018 14:00:00 252 0

Əli Əhmədov Macarıstanın Baş naziri ilə görüşdü

Azərbaycan Respublikası Baş nazirinin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini - icra katibi Əli Əhmədov fevralın 16-da Budapeştdə Macarıstanın Baş naziri Viktor Orbanla görüşüb.

Son.az xəbər verir ki, Yeni Azərbaycan Partiyasının mətbuat xidmətindən Trend-ə bildiriblər ki, Ə.Əhmədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin salamlarını Macarıstanın Baş naziri V.Orbana çatdırıb və dövlətimizin başçısının adından onu Azərbaycana səfərə dəvət edib.

Baş nazir V.Orban, öz növbəsində, Prezident İlham Əliyevi özünə yaxın dost hesab etdiyini və Azərbaycan dövlətinin başçısının Macarıstana səfərinin ölkələrimiz arasında əlaqələrin inkişafında mühüm rol oynadığını vurğulayıb.

Görüşdə ölkələrimiz arasında qarşılıqlı maraq doğuran bir sıra məsələlərlə bağlı ətraflı fikir mübadiləsi aparılıb. Eyni zamanda, qeyd edilib ki, Yeni Azərbaycan Partiyası ilə Macarıstanın hakim Fidesz Partiyası arasında qarşılıqlı əlaqələrin və sıx əməkdaşlıq münasibətlərinin inkişafı ölkələrimizin və xalqlarımızın dostluq münasibətlərinin inkişafına müsbət təsirini göstərəcək.