ABŞ kəşfiyyatı: Çin smartfonları almayın


Digərləri 17 Fev 2018 08:25:00 222 0

ABŞ kəşfiyyatı: Çin smartfonları almayın

ABŞ kəşfiyyat orqanlarının - Federal Təhqiqatlar Bürosunun (FBİ), Mərkəzi Kəşfiyyat İdarəsinin (CİA) və Milli Təhlükəsizlik Agentliyinin (NSA) rəhbərləri ölkə vətəndaşlarını Çinin "Huawei" və ZTE şirkətlərinin smartfonlarından istifadə etməməyə çağırıblar.

Son.az lent.az-a istinadən xəbər verir ki, FBİ direktoru Kristofer Rey "Huawei" və ZTE-nin ABŞ mobil operatorlarının şəbəkəsində önəmli yer tutmağa başlamasından narahat olduqlarını açıqlayıb. O, həmin qurumları "Amerikan dəyərlərindən fərqli dəyərlərə sahib olan ölkənin şirkətləri" adlandırıb. K. Rey bildirib ki, Çin istehsalçılarının cihazlarından amerikalıların vacib məlumatlarını ələ keçirmək üçün casusluq məqsədilə istifadə oluna bilər.

NSA rəhbəri Maykl Rocers isə qeyd edib ki, ABŞ Çin şirkətlərinin fəaliyyətini diqqətlə izləməlidir.

Artıq ABŞ-dakı yerli mobil operatorlara "Huawei" smartfonlarının yeni modellərinin satışına başlamamaq tövsiyə olunub. Çin şirkəti yanvar ayında Las Veqasda keçirilən CES sərgisində ABŞ-ın nəhəng mobil operatoru AT&T ilə əməkdaşlığa başlayacağını elan etməyə hazırlaşırdı. Lakin sövdələşmə baş tutmayıb, çünki hökumətin tövsiyəsi ilə AT&T bu anlaşmadan vaz keçib. ABŞ-ın rabitə üzrə Federal Komissiyası hesab edir ki, "Huawei" Çin hökuməti ilə sıx əməkdaşlıq edir və amerikalı istifadəçilərin fəaliyyətini izləyə  və onların məlumatlarını Çin kəşfiyyatına ötürə bilər.