İstehlakçı hüquqlarına dair maarifləndirmə və treninq keçirilib (FOTO)


Digərləri 16 Fev 2018 16:15:00 259 0

İstehlakçı hüquqlarına dair maarifləndirmə və treninq keçirilib (FOTO)

200-ə yaxın istehlakçının iştirak etdiyi konfransda istehlakçı hüquqlarına dair maarifləndirici materiallar paylanılıb.

Bakı. İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin təşkilatçılığı ilə istehlakçıların hüquqları barədə növbəti konfrans və malları (işləri, xidmətləri) dövlət vəsaitləri hesabına satın alan təşkilatların nümayəndələri üçün treninq fevralın 16-da Biləsuvarda keçirilib. Nazirlikdən Trend-ə verilən məlumata görə, "Hər bir istehlakçı öz hüquqlarını bilməli və tələb etməlidir" mövzusunda təşkil olunan Konfransda Dövlət Xidmətinin əməkdaşları məruzələrlə çıxış edib, ticarət və xidmət qaydalarının tələblərinə əməl olunması, xidmət mədəniyyətinin yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlər, istehlakçıların diqqət yetirməli olduğu məsələlər və s. barədə ətraflı məlumat veriblər. Bildirilib ki, istehlakçıların maarifləndirilməsi məqsədi ilə Bakıda və regionlarda konfrans və dəyirmi masalar təşkil olunur, istehlakçıların elektron ünvanlarına ticarət qaydalarına əməl olunması ilə bağlı mütəmadi olaraq maarifləndirici məlumatlar göndərilir. Təkcə ötən il ərzində istehlakçı hüquqlarına dair 18 adda 32 mindən artıq buklet, 6 adda 3 minə qədər yaddaş kitabçası çap olunaraq paylanılıb. Bundan başqa, istehlakçıların maarifləndirilməsi məqsədilə gündəlik istehlakda geniş istifadə olunan məhsullarla bağlı 54 maarifləndirici məlumat kütləvi informasiya vasitələrində yayımlanıb.