Uşaqların əmək hüquqlarına dair seminar keçirilib (FOTO)


Digərləri 16 Fev 2018 15:10:00 274 0

Uşaqların əmək hüquqlarına dair seminar keçirilib (FOTO)

Azərbaycanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Bakının Nizami rayonundakı Kimya Biologiya Təmayüllü Respublika Liseyində “Uşaq əməyinin istismarının qarşısının alınması” mövzusunda seminar keçirib.

Bakı. Azərbaycanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Bakının Nizami rayonundakı Kimya Biologiya Təmayüllü Respublika Liseyində “Uşaq əməyinin istismarının qarşısının alınması” mövzusunda seminar keçirib. Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, tədbirdə rayon ərazisində fəaliyyət göstərən ayrı-ayrı işəgötürənlər, rayon Polis İdarəsinin yetkinlik yaşına çatmayanlarla profilaktik tədbirlər bölməsinin nümayəndəsi, liseyin müəllimləri və yuxarı sinif şagirdləri iştirak edib. Seminarda uşaq əməyinin istismarı kimi qiymətləndirilən hallar barədə məlumat verilib, belə hallara yol verən, həmçinin uşaqları onların həyatına, sağlamlığına və ya mənəviyyatına təhlükə törədə bilən fəaliyyətə cəlb edən işəgötürənlərin qanunvericiliklə müəyyən olunmuş qaydada müvafiq məsuliyyətə cəlb edildikləri diqqətə çatdırılıb. Seminarda 15 yaşından 18 yaşınadək olan şəxslərlə əmək münasibətlərinin hüquqi əsaslarından da bəhs edilib. Qeyd olunub ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən, belə şəxslərlə əmək müqaviləsi onların valideynlərindən və ya övladlığa götürənlərdən (qəyyumlarından) birinin, yaxud qanunla onları əvəz edən şəxslərin yazılı razılığı əsasında bağlanılmalıdır.