Bakı və regionlarda startap turlarına başlanılır


Digərləri 15 Fev 2018 19:33:34 261 0

Bakı və regionlarda startap turlarına başlanılır

“İdeyadan Biznesə” şüarı ilə Bakı və regionlarda startap turlarına başlanılır

Bakı. İKT sektorunun rəqabət qabiliyyətinin artırılması və beynəlxalq bazarlara çıxışını asanlaşdırmaq məqsədi ilə Azərbaycan Hökuməti tərəfindən bu sahəyə dəstək göstərilir. Nəqliyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Trend-ə verilən məlumata görə, bu dəstək iş mühitinin yaxşılaşdırılması, innovativ infrastrukturun qurulması, yüksək texnologiyalar parkları və sənaye klasterlərinin yaradılması, eləcə də innovasiyaların təşviqini əhatə edir. Bu kontekstdə son illərdə Azərbaycanın startap ekosistemi inkişaf edib və artıq qlobal bazara çıxa biləcək layihələr formalaşıb. Startap hərəkatının inkişafına, gənclərin biznes ideyalarının həyata keçirilməsinə, innovasiyaların, texnologiyaların təşviqinin genişləndirilməsinə və yeni innovativ ideyaların reallaşdırılmasına dəstək məqsədi ilə Nəqliyat, Rabitə və Yüksək Texnologiyalar, Təhsil nazirlikləri, Yüksək Texnologiyalar Parkı, İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu, “Startap Azərbaycan” və “Youth İnc.” Biznes İnkubasiya Mərkəzi ilə birgə Bakı və regionlarda startap turları keçiriləcək. Startap turları “İdeyadan Biznesə” şüarı ilə ilk olaraq Qərbi Kaspi Universitetində təşkil ediləcək. Startap turu iki hissədən - konfrans/treninq və startap müsabiqəsindən ibarətdir. Tədbirin əvvəlcədən proqramı tərtib olunacaq və müxtəlif mövzuları əhatə edən panel çıxışlar təşkil olunacaq. Partnyor qismində biznes trenerlər/mentorlar, QHT-lər, yüksək texnologiyalar sahəsində fəaliyyət göstərən yerli şirkətlər, akselerasiya proqramları, ali təhsil müəssisələri, bölgələrdəki dövlət qurumları çıxış edir.