Pentaqon Rusiya muzdlularını qırmağa B52 bombardmançısı da cəlb edib FOTO


Dünya 15 Fev 2018 10:15:00 222 0

Pentaqon Rusiya muzdlularını qırmağa B52 bombardmançısı da cəlb edib  FOTO

Pentaqon ötən həftə fevralın 7-də Suriyanın Deyr əz-Zor vilayətində, Fərat çayı sahillərində əsasən Rusiya muzdlularından ibarət ("Vagnerin ordusu") qüvvələrin "Suriya Demokratik Qüvvələri"nin mövqelərinə irimiqyaslı hücumunun qarşısının alınmasına dair yeni sensasion təfərrüatlar açıqlayıb.

Belə məlum olub ki, ABŞ ordusu həmin qruplaşmaya qarşı B-52 strateji bombardmançıları da daxil olmaqla bir neçə tip təyyarə və vertolyotdan, o cümlədən zərbə pilotsuz təyyarəsindən ibarət armada tətbiq edib.

General Harrigan

Son.az virtualaz.org-a istinadən xəbər verir ki, bu hadisələr barədə Amerikanın Qətərfəki "Əl Udeid" aviabazasından telekonfransla ABŞ Hərbi Hava Qüvvələrinin Mərkəz komandanı, general-leytenant Ceffri Harrigan Pentaqon üçün brifinq verib. General əvvəlcə ABŞ-ın başçılıq etdiyi koalisiyanın Suriya və İraqda İŞİD terror qruplaşmasına qarşı apardığı əməliyyatların nəticələrindən danışıb. Bildirib ki, beynəlxalq koalisiyanın İŞİD-ə qarşı keçirdiyi əməliyyatlarda ciddi irəliləyişlər əldə olunub.

Ceffri Harrigan deyib ki, Birləşmiş Ştatlar İŞİD-in yenidən dirçəlməsinin qarşısını almaq üçün regionda zəruri sayda qüvvə saxlayır. "Bu, ötən həftə Fərat çayının orta sahillərində "Suriya Demokratik Qüvvələri"nin və koalisiya hərbi müşavirlərinin mövqelərinə bizim tərəfdən qızışdırılmayan hücum zamanı özünü birmənalı şəkildə göstərdi"-general bildirib.

Ceffri Harrigan bəyan edib ki, "düşmən qüvvələr" hücuma "Suriya Demokratik Qüvvələri"nin mövqelərinə artilleriya və tank zərbələri ilə başlayıb. Ardınca batalyon taktiki qruplaşmalar şəklində düzülərək artilleriya atəşlərinin, tankların və reaktiv yaylım atəşi komplekslərinin, habelə çoxlüləli minomyotların dəstəyi ilə "partnyor-qüvvələrin" mövqelərinə doğru irəliləyib.

"Bu hücumun əvvəllərində həmin rayonda koalisiya qüvvələrinin F-22 "Raptor" qırıcısı və MQ-9 pilotsuz zərbə təyyarəsi hava məkanına nəzarət edirdi, hansı ki, biz bu patrul uçuşlarını hər gün İŞİD-ə qarşı mübarizə çərçivəsində həyata keçiririk. Hücumun başlamasından sonra biz dərhal demilitarizasiya zonasındakı Rusiya hərbi səlahiyyətliləri ilə telefon əlaqəsi yaratdıq və onlara "Suriya Demokratik Qüvvələrinin", habelə koalisiya hərbi müşavirlərinin mövqelərinə qızışdırılmamış hücumu barədə xəbərdarlıq etdik. Bu təmaslardan sonra koalisiya qüvvələrinin səlahiyyətliləri düşmən qüvvələrin məhv edilməsi üçün əməliyyata başlamağa qərar verdi"-general bildirib.

Ceffri Harrigan bəyan edib ki, üç saat ərzində ABŞ Hərbi Hava Qüvvələrinin "Suriya Demokratik Qüvvələri" ilə birlikdə fəaliyyət göstərən aviatüşlayıcıları təyyarələrin və yerüstü artilleriyanın dəqiq zərbələr endirməsi üçün koordinatlar verib. "Onlar F-15E, MQ-9, B-52, AC-130 "Spektr" təyyarələrinə və AH-64 "Apache" vertolyotlarına dəqiq zərbələr endirməkdə kömək etdi və təcavüzkarın hücumunu dəf edib onları əks hücumla geri oturtmağa, bir neçə tankı və artilleriya qurğusunu məhv etməyə imkan verdi"-Harrigan brifinqdə deyib.

General əlavə edib ki, "düşmən qüvvələr" geri dönüb qaçmağa başlayanda onlar atəşi dayandırıblar.