“Güzəştli mənzil” sistemində “ən azı 3 il elmi vəzifədə işləyən elmi işçilər” kateqoriyası üzrə müraciətlərin qəbulu başlayır


Digərləri 14 Fev 2018 09:45:00 185 0

“Güzəştli mənzil” sistemində “ən azı 3 il elmi vəzifədə işləyən elmi işçilər” kateqoriyası üzrə müraciətlərin qəbulu başlayır

Azərbaycan Prezidentinin 21.07.2017-ci il tarixli 1560 nömrəli Fərmanı ilə mənzilləri güzəştlə əldə etmək hüququ olan vətəndaşlar sırasına yeni “ən azı 3 il elmi vəzifədə işləyən elmi işçilər” kateqoriyası əlavə edilib.

Bakı. Azərbaycan Prezidentinin 21.07.2017-ci il tarixli 1560 nömrəli Fərmanı ilə mənzilləri güzəştlə əldə etmək hüququ olan vətəndaşlar sırasına yeni “ən azı 3 il elmi vəzifədə işləyən elmi işçilər” kateqoriyası əlavə edilib. Mənzil İnşaatı Dövlət Agentliyindən (MİDA) Trend-ə verilən məlumata görə, ölkə başçısının bu Fərmanını icra etmək məqsədilə ötən müddət ərzində agentlik tərəfindən “Güzəştli mənzil” sistemində zəruri dəyişikliklər aparılıb, ən azı 3 il elmi vəzifədə çalışan elmi işçilər tərəfindən təqdim edilməli sənədlər müəyyənləşdirilib, habelə, aidiyyəti elmi müəssisələrin siyahısının dəqiqləşdirilməsi ilə bağlı Azərbaycan Respublikasının Nazirlər Kabinetinə müraciət edilib. Nazirlər Kabineti tərəfindən “Elm haqqında” Azərbaycan Respublikasının 14.06.2016-cı il tarixli Qanununda nəzərdə tutulan tələblərə uyğun gələn elmi müəssisə və təşkilatların siyahısı müəyyən edilib. Bu siyahıda göstərilən müəssisə və təşkilatlarda ən azı 3 il elmi vəzifədə işləyən elmi işçilər yaşından və ailə vəziyyətindən asılı olmayaraq güzəştlə mənzil əldə etmək hüququndan yararlana bilər. Həmin şəxslər tərəfindən təqdim olunmalı sənədlərin və aidiyyəti elmi müəssisələrin siyahıları ilə www.mida.gov.az və www.mida.az internet-saytlarının ana səhifəsində “Tələb olunan sənədlər” bölməsində tanış olmaq mümkündür.