Azərbaycan-Almaniya iqtisadi əlaqələri müzakirə edilib


Digərləri 13 Fev 2018 19:51:00 252 0

Azərbaycan-Almaniya iqtisadi əlaqələri müzakirə edilib

İqtisadiyyat naziri Şahin Mustafayev ölkəmizdə səfərdə olan Alman İqtisadiyyatının Şərq Komitəsinin sədri Volfqanq Büxele ilə görüşüb.

Bakı. İqtisadiyyat naziri Şahin Mustafayev ölkəmizdə səfərdə olan Alman İqtisadiyyatının Şərq Komitəsinin sədri Volfqanq Büxele ilə görüşüb. Nazirlikdən Trend-ə verilən məlumata görə, görüşdə iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsi, o cümlədən investisiya, sənaye, ölkəmizdə yaradılan sənaye zonalarında alman şirkətlərinin iştirakı və digər məsələlər müzakirə olunub. Ş.Mustafayev vurğulayıb ki, ölkələrimiz arasında əlaqələr inkişaf edir. Əməkdaşlığın genişləndirilməsində qarşılıqlı səfərlər, xüsusilə də dövlət başçılarının səfərləri əhəmiyyətli rol oynayır. Bildirilib ki, indiyədək ölkələrimiz arasında 70-ə yaxın sənəd, o cümlədən iqtisadi sahədə investisiyaların təşviqi və qorunması, ikiqat vergitutma haqqında sənədlər imzalanıb. Ticarət dövriyyəsinin həcminə görə Azərbaycanın ticarət tərəfdaşları arasında Almaniya 5-ci yerdədir. Azərbaycanın Mərkəzi Avropa üzrə ticarət nümayəndəliyi həmçinin, Almaniyanı əhatə edir. Bu nümayəndəlik Almaniya ilə ticarət əlaqələrinin inkişafında önəmli olacaqdır. Hazırda Azərbaycanda 200-dən çox alman şirkəti fəaliyyət göstərir. Almaniya tərəfindən əsas kapitala 555,8 mln. ABŞ dolları həcmində investisiya qoyulub. Almaniyanın KfW Bankı, Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GIZ), ölkələrimiz arasında Ticarət və İnvestisiyalar üzrə Yüksək Səviyyəli İşçi Qrupu, Alman-Azərbaycan Xarici Ticarət Palatasının fəaliyyəti də ölkələrimiz arasında iqtisadi əlaqələrin inkişafı baxımından önəmlidir. Hər iki ölkənin işgüzar dairələrinin iştirakı ilə indiyədək çoxsaylı biznes forum və işgüzar görüşlər keçirilib, Azərbaycan 2017-ci və bu ilin əvvəlində Almaniyada keçirilmiş müxtəlif sərgilərdə iştirak edib, Berlində Trans-Xəzər Şərq-Qərb Ticarət və Tranzit Dəhlizinin təşviqinə həsr olunmuş Forum keçirilib. Qeyd olunub ki, menecer təlimi sahəsində əməkdaşlıq proqramı çərçivəsində 2009-2017-ci illərdə 338 sahibkar və gənc menecer Almaniyada ixtisasartırma kursu keçib. Bundan başqa, Sumqayıt Kimya Sənaye Parkında Almaniya təcrübəsi əsasında sənaye sahəsində Peşə Tədris Mərkəzi yaradılır.