Heydər Əliyev Beynəlxalq Aeroportu 305 min sərnişinə xidmət göstərib


Digərləri 13 Fev 2018 15:48:00 286 0

Heydər Əliyev Beynəlxalq Aeroportu 305 min sərnişinə xidmət göstərib

2018-ci ilin əvvəlindən Heydər Əliyev Beynəlxalq Aeroportu 305 min sərnişinə xidmət göstərmişdir. Bu göstərici ötən ilin analoji göstəricisindən 19 faiz çoxdur.

Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidmətindən Son.az-a verilən məlumata görə, cari ilin yanvar ayı ərzində "Azərbaycan Hava Yolları" (AZAL) milli aviadaşıyıcısının payına 129 min sərnişin, milli loukoster "Buta Airways"in payına isə 37 min sərnişin düşmüşdür ki, bu da ötən ilin göstəricisindən 15 faiz çoxdur.

264 min sərnişin (sərnişin dövriyyəsinin 86,5 faizi) beynəlxalq reyslərlə daşınmışdır.

Hazırda Heydər Əliyev Beynəlxalq Aeroportu 46 istiqamət üzrə 25 aviaşirkətə xidmət göstərir. Ən məşhur beynəlxalq istiqamətlərin onluğuna - Moskva, İstanbul, Dubay, Kiyev, Tehran, Antalya, Tbilisi, Bağdad, Doha və Sankt-Peterburq daxildir. Yanvar ayında 198 min sərnişin bu istiqamətlərə uçmuşdur.

Heydər Əliyev Beynəlxalq Aeroportunun yeni aerovağzal kompleksi (Terminal 1) 2014-cü ilin aprel ayında istifadəyə verilmişdir. Onun ümumi sahəsi 65 min kvadratmetr təşkil edir.