Prezident İlham Əliyevin həyata keçirdiyi islahatlar vətəndaş müraciətlərinin həlli üçün etibarlı zəmindir (FOTO)


Digərləri 13 Fev 2018 13:17:14 274 0

Prezident İlham Əliyevin həyata keçirdiyi islahatlar vətəndaş müraciətlərinin həlli üçün etibarlı zəmindir (FOTO)

Müstəqilliyini anbaan, günbəgün, ilbəil möhkəmləndirən Azərbaycan dövlətinin tarixində möhtərəm Prezidentimiz İlham Əliyevin qızıl hərflərlə yazdığı şanlı səhifələrin sayı getdikcə artır.

Bakı. Müstəqilliyini anbaan, günbəgün, ilbəil möhkəmləndirən Azərbaycan dövlətinin tarixində möhtərəm Prezidentimiz İlham Əliyevin qızıl hərflərlə yazdığı şanlı səhifələrin sayı getdikcə artır. Bu il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyini qeyd edəcək respublikamız ulu öndər Heydər Əliyevin siyasi xəttini layiqincə davam etdirir, bütün sahələrdə sürətlə inkişaf edərək misilsiz nailiyyətlər qazanır. Dövlətimizin başçısı İlham Əliyev Azərbaycan bayrağının torpaqlarımızın hər qarışında dalğalanması üçün lazım gələn bütün addımları atır, ölkəmizin iqtisadi və hərbi qüdrətini, beynəlxalq nüfuzunu gücləndirməkdən ötrü böyük inam və qətiyyətlə çalışır, yurdumuzun işğaldan tam azad edilməsi, Böyük qayıdışın reallaşması üçün böyük cəsarət və əzm göstərir. Görülən bütün işlər Azərbaycan xalqının, Azərbaycan vətəndaşının daha xoş güzəranını qurmaq, sabahını daha gözəl və xoşbəxt etmək məqsədi daşıyır. Azərbaycan vətəndaşları öz dövlətinə və Prezidentinə ürəkdən inanır, taleyini ona etibar edir, hər bir işdə ona güvənir, harada, hansı ölkədə yaşamasından asılı olmayaraq, Azərbaycan dövlətinin, Azərbaycan Prezidentinin dəstəyini, gücünü hiss edir və bundan qürur duyur. Prezident Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İSMAYILOVun oxuculara təqdim edilən geniş təhlili məqaləsi də yola saldığımız 2017-ci ildə ölkə vətəndaşlarının qayğı və problemlərinin dövlət tərəfindən necə həll olunmasından, bu işə göstərilən yüksək diqqət və tələbkarlıqdan bəhs edir. Davamlı, dərin və köklü islahatların sabaha inam doğuran uğurlu nəticələri Hər bir ölkənin varlığı, rifahı, onun vətəndaşlarının normal və rahat yaşayışı həmin ölkənin iqtisadi inkişaf səviyyəsindən, bu inkişafa və tərəqqiyə zəmin yaradan siyasi idarəetmə sisteminin mükəmməlliyindən, dünyada baş verən qlobal proseslərin fonunda öz xalqının mənafelərinə uyğun siyasət yeritməsindən çox asılıdır. 25 ildən çoxdur ki, müstəqilliyinin bərpasının bəhrələrini, müsbət nəticələrini aydın görən Azərbaycan xalqı öz Prezidentinə dərin inam nümayiş etdirərək, ölkənin iqtisadi və müdafiə qüdrətini artırmaq üçün fədakarlıqla çalışır, regionda və dünyada ən inkişaf etmiş nümunəvi bir dövlət qurmaqda, onu möhkəmləndirməkdə davam edir. Ölkənin inkişaf istiqamətlərini və tutduğu yolu, dövlətin yeritdiyi siyasəti müəyyənləşdirən Azərbaycan Prezidenti İlham Əliyev deyir: “Bizim siyasətimiz uzunmüddətli siyasətdir. Biz ölkəmizin gələcəyi, uzunmüddətli, dayanıqlı inkişaf haqqında düşünürük... Bu gün biz özümüzü dünya miqyasında müstəqil ölkə kimi təqdim edə bilmişik, müstəqil siyasət aparan ölkə kimi tanınırıq. Əlbəttə ki, bunun təməlində güclü siyasi iradə, xalq-iqtidar birliyi, bir çox başqa amillər dayanır. Onların arasında iqtisadi müstəqillik xüsusi yer tutur”. 2017-ci il ölkədə böyük siyasi və iqtisadi islahatlar ili kimi yadda qalmışdır. Azərbaycanda dövlət idarəçilik sistemi daha da təkmilləşdirilmiş və inkişaf etdirilmişdir. Bu məqsədlə Konstitusiyanın preambulasında əksini tapan niyyət və prinsiplərin həyata keçirilməsi üçün müvafiq tədbirlər görülmüş, Konstitusiyaya edilmiş əlavə və dəyişikliklərə uyğun olaraq ölkəmizdə vitse-prezidentlik təsisatının yaradılması reallaşmışdır. Bu təsisatın yaradılması olduqca vacib hadisə olaraq ölkəmizin yeni siyasi-hüquqi inkişaf mərhələsinə qədəm qoyduğu və əsaslı iqtisadi islahatların aparıldığı indiki dövrdə idarəetmə sistemində səmərəliliyin artırılması, dövlətimizin qarşısında qoyulan vəzifələrin reallaşdırılması üçün çox əhəmiyyətli addım olmuşdur. Birinci vitse-prezident təsisatının ölkəmizdə ilk dəfə tətbiq olunması, Azərbaycan Prezidentinin Sərəncamı ilə həmin vəzifəyə son illərdə ictimai-siyasi fəaliyyəti ilə xalq arasında böyük nüfuz və hörmət qazanmış Mehriban xanım Əliyevanın təyin edilməsi ictimaiyyət tərəfindən böyük rəğbətlə qarşılanmışdır. Bu, ilk növbədə, onun Azərbaycanı beynəlxalq miqyasda yüksək səviyyədə təmsil etməsi, dövlətə və xalqa xidmət nümunəsi olan işləri, Azərbaycan mədəniyyətinin dünyada tanıdılması, xarici ölkələrdə həyata keçirdiyi yüksək humanitar missiyalarının və səmərəli fəaliyyətinin böyük rezonans doğurması ilə bağlıdır. Mehriban xanım Əliyeva Azərbaycan mədəniyyətinin qorunması və inkişafı üçün göstərdiyi böyük fədakarlığı ilə ümumxalq məhəbbətini qazanmışdır. Azərbaycanda keçirilən beynəlxalq humanitar forumların və böyük idman tədbirlərinin təşkilində, xarici ölkələrdə Azərbaycanla bağlı mədəni tədbirlərin keçirilməsində onun misilsiz əməyi vardır. Azərbaycanın dövlət başçısı İlham Əliyevin 2017-ci ilin fevralında Təhlükəsizlik Şurasının iclasında Mehriban xanım barədə dediyi sözlər onun fəaliyyətinə verilən obyektiv qiymətdir: “...Mehriban Əliyeva çox peşəkar, bilikli, təcrübəli, prinsipial, çox xeyirxah bir insandır. Təsadüfi deyil ki, Azərbaycan xalqı ona böyük rəğbət və sevgi ilə yanaşır”. Birinci vitse-prezident vəzifəsinə təyinatından sonra Mehriban xanım Əliyeva dövlətin sosial siyasətinin daha uğurla həyata keçirilməsinə öz töhfələrini verməkdədir. Onun təşəbbüsü ilə təhsil sistemində aparılan ciddi islahatlar, səhiyyə müəssisələrinin fəaliyyətinin təkmilləşdirilməsi və Heydər Əliyev Fondunun dəstəyi ilə çoxsaylı xeyriyyə tədbirlərinin keçirilməsi onu xalq üçün əziz insana çevirmişdir. Bir çox xarici ölkələrin yüksək mükafatlarına layiq görülmüş Mehriban xanım Əliyeva ötən ilin dekabrında Rus Pravoslav Kilsəsinin II dərəcəli Müqəddəs Mələksima Knyaginya Olqa ordeni ilə təltif edilmişdir. Həmin ordenin təqdimat mərasimində Moskvanın və bütün Rusiyanın patriarxı Kirill Mehriban xanım Əliyevanı öz ölkəsinin və xalqının həyatında çox mühüm rol oynayan, böyük istedada və gözəl mənəvi keyfiyyətlərə malik bir insan kimi səciyyələndirmiş, Vətənindən uzaqlarda da çox nəcib işlər gördüyünü vurğulamışdır. Ötən ilin yekunları və əsas hadisələri, il ərzində qazanılan uğurların əsas məqamları ölkə Prezidentinin Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl münasibətilə xalqa müraciətində konkret və aydın şərh edilmişdir. Azərbaycan Prezidenti ölkənin ötənilki uğurlarından bəhs edərkən nəzərdə tutulan bütün vəzifələrin icra edildiyini, Azərbaycanda sabitliyin təmin olunduğunu xüsusi qeyd etmiş və bu sabitliyin mənbəyinin xalq-iqtidar birliyi olduğunu bir daha vurğulamışdır. Çünki sabitlik olmayan yerdə heç bir inkişafdan söhbət gedə bilməz. Cənab Prezidentin göstərdiyi kimi, bütün sahələrdə inkişafı göz qabağında olan Azərbaycanın beynəlxalq əlaqələri daha da genişlənmiş, ölkəmiz özünü ləyaqətli və etibarlı tərəfdaş kimi tanıtmış, regional sabitliyə böyük töhfələr vermiş, İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində fəal iştirak edərək 2017-ci ili “İslam Həmrəyliyi İli” elan etmişdir. Ölkəmizdə keçirilən IV İslam Həmrəyliyi Oyunları təkcə müsəlman dünyasında deyil, beynəlxalq miqyasda böyük əks-səda doğurmuşdur. Azərbaycan 2016-cı ildə də “Multikulturalizm İli” çərçivəsində dinlərarası, mədəniyyətlərarası dialoqun inkişafında böyük rol oynayaraq, dünya miqyasında dialoq mərkəzlərindən birinə çevrilmiş, “Şərqin İsveçrəsi” şöhrətini qazanmışdır. 2017-ci ilin sonunda Bakıda keçirilmiş və “İslam Həmrəyliyi İli”nin yekunlarına həsr olunmuş beynəlxalq konfransda dünyanın 40-dan artıq ölkəsindən 150-dən çox nümayəndə iştirak edirdi. Azərbaycan Prezidenti İlham Əliyevin dərin məzmunlu çıxışında irəli sürülən həmrəylik konsepsiyaları həm islam aləmində, həm də dünyada sülhün, tolerantlığın, Azərbaycan multikulturalizminin təşviqinə böyük töhfə idi. Ölkə Prezidenti ötən il dünyanın 14 ölkəsinə 20-dən çox səfər etmiş, Azərbaycanın dünya miqyasında müsbət imicinin və reputasiyasının olduğunu sübuta yetirmiş, dünyada ölkəmizə marağın gündən-günə artmasına, onun iqtisadi əlaqələrinin daha da möhkəmlənməsinə təkan vermişdir. Cənab Prezident il ərzində bir çox beynəlxalq tədbirlərdə iştirak və çıxış edərək, beynəlxalq təşkilatların rəhbərləri, müxtəlif ölkələrin dövlət və hökumət başçıları ilə danışıqlar aparmışdır. Bütün bunlar Azərbaycanın beynəlxalq əlaqələrinin və mövqeyinin daha da güclənməsinə və genişlənməsinə xidmət etmişdir. Təsadüfi deyildir ki, dünyanın ən nüfuzlu kütləvi informasiya vasitələrində Azərbaycanın müsbət imicini təsdiq edən çoxsaylı materiallar dərc olunur, əksər beynəlxalq reytinq cədvəllərində ölkəmiz gündən-günə irəliləyir. Azərbaycan vətəndaşları dünyanın bir çox ölkələrinə viza almadan səfər edə bilirlər. Azərbaycan Prezidentinin 2018-ci il 31 yanvar tarixli Fərmanı ilə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün respublikanın hava limanlarında “ASAN Viza” sisteminin tətbiq edilməsi ölkəmizin müsbət imicini daha da gücləndirir. Hazırda Azərbaycanın bütün sahələrdə əldə etdiyi nailiyyətlər istər Avropa, istərsə də Şərq ölkələrinin tanınmış mətbuat orqanlarının diqqət mərkəzindədir. Dünyanın 193 ölkəsində olmuş amerikalı səyyahın məşhur “USA today” informasiya agentliyi üçün bu günlərdə hazırladığı reytinqdə Bakı şəhəri turizm üçün gözəl və ən sabit şəhər adlandırılmışdır. ABŞ-ın nüfuzlu nəşrlərindən biri olan “The Washington Times” qəzeti Azərbaycanın “Odlar yurdu”, onun paytaxtı Bakının isə “Şərqin Parisi” adlandırıldığını, “mədəniyyətlərin və sivilizasiyaların Bakıda qovuşduğunu” yazır, Azərbaycanı idmançıların öz istedadlarını göstərmək üçün “bütün dünyada ən ideal yer” hesab edir. Azərbaycanın beynəlxalq nüfuzunun güclənməsindən bəhs edərkən 2017-ci ildə “Azəri-Çıraq-Günəşli” neft yatağının istismar müddətinin 2050-ci ilə qədər uzadılmasına dair yeni sazişin imzalanmasını, bunun ölkəmizə milyardlarla dollar gəlir gətirəcəyini, təkcə verilən bonusun 3 milyard ABŞ dollarından çox olduğunu, “Cənub Qaz Dəhlizi”nin və TANAP layihəsinin son mərhələyə qədəm qoyduğunu, ölkəmizin Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində önəmli tərəfdaşa çevrildiyini də diqqətə çatdırmaq lazımdır. Azərbaycan iqtisadi inkişafına düşünülmüş və məqsədyönlü daxili və xarici siyasət yeritməklə, maliyyə resurslarından bacarıqla və uzaqgörənliklə istifadə etməklə nail olur. Aparılan düzgün iqtisadi siyasət nəticəsində müstəqillik illərində büdcəsi ildən-ilə artan Azərbaycanın 2018-ci il üçün dövlət büdcəsinin xərcləri Qırğızıstandan 5,8, Moldovadan 5,5, Tacikistandan 4,9, Ermənistandan 4, Gürcüstandan 2,4 dəfə, Latviyadan 64, Özbəkistandan 56, Belarusdan 17, Litvadan 12, Türkmənistandan 10 faiz çoxdur. Ölkə Prezidenti haqlı olaraq deyir: “Yoxsul Ermənistandan fərqli olaraq, biz öz hesabımıza yaşayırıq, o cümlədən hərbi gücümüzü öz hesabımıza artırırıq. Ermənistandan fərqli olaraq, heç kimdən dilənmirik, heç kimə yalvarmırıq”. Özünü bütün regional layihələrdən kənarda qoymuş və işğalçılıq siyasətindən əl çəkməyən Ermənistanın bu gün 7 milyard ABŞ dollarınadək borcu vardır, bu da onun ÜDM-nin 60 faizindən çoxdur. İqtisadiyyatın iflas həddinə çatması əhalini son dərəcə narazı salmışdır. Azərbaycanın iqtisadi qüdrəti həm də onun müdafiə qüdrəti deməkdir. Bu gün Azərbaycan Ordusu nəinki regionun, həmçinin dünyanın orduları sırasında öz texniki təchizatına, potensialına, nizam-intizamına, kadr hazırlığına, mütəşəkkilliyinə görə yüksək qiymət verilən ordulardan biri hesab edilir. Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev ordu quruculuğunu ən prioritet məsələlərdən biri sayaraq, ordumuzun müasir vəziyyəti ilə fəxr etdiyini dəfələrlə bəyan edərək demişdir: “Bu gün beynəlxalq reytinqlərə görə, Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır. Ordumuz üçün nə lazımdırsa, biz onu da edirik. Ordumuzun maddi-texniki bazası möhkəmlənir”. Ordumuzun gücünü aprel döyüşlərində görən düşmən daim səksəkə içindədir. Çünki istər insan resursları, istərsə də bütün digər parametrlər üzrə onlar öz zəifliklərini dərk edir və görürlər ki, Azərbaycan Ordusu onlardan qat-qat güclüdür. Ordumuz torpaqlarımızı azad etməyə və düşmənə sarsıdıcı zərbə endirməyə daim hazırdır. Ölkə Prezidentinin qeyd etdiyi kimi, Azərbaycan öz prinsipial mövqeyindən heç vaxt geri çəkilməyəcək və ölkəmizin ərazi bütövlüyü mütləq bərpa olunacaqdır. Ölkə Prezidenti bu il yanvarın 10-da Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Azərbaycanın ötən il qazandığı nailiyyətləri bir daha hərtərəfli təhlil etmiş, bu nailiyyətləri ölkə rəhbərliyinin uğurlu siyasətinə xalq tərəfindən göstərilən dəstəklə əsaslandırmışdır. Dövlətimizin başçısının qeyd etdiyi kimi, ümumi daxili məhsulun, xüsusilə qeyri-neft sektorunun 2,5 faiz, o cümlədən sənayenin 3,6, kənd təsərrüfatının 4,1 faiz artması çox önəmli olmuşdur. Ümumiyyətlə, ilin yekunları bütün əsas göstəricilər üzrə müsbət olmuşdur və cənab Prezidentin göstərdiyi kimi, hər bir ölkə belə nəticələrlə fəxr edə bilər. İl ərzində respublika iqtisadiyyatına 14,6 milyard ABŞ dollarına yaxın investisiyanın cəlb olunması, həmçinin ticarət balansımızın müsbət saldosunun 6,2 milyard dollar olması böyük uğurdur. Hər il əhalisinin azı 100 min nəfər artdığı respublikamızda iqtisadi inkişafın da yüksək səviyyədə olması və yeni iş yerlərinin yaradılması üçün ölkə iqtisadiyyatına böyük investisiyalar qoyulması tələb olunur. Təkcə 2004-2017-ci illərdə Azərbaycan iqtisadiyyatına cəmi 225 milyard ABŞ dolları vəsait qoyulmuşdur. Bunun sayəsində özəl bölmənin payı ümumi daxili məhsulda 80 faizə çatmışdır. Azərbaycan Prezidenti bu il ölkə iqtisadiyyatına qoyulan sərmayənin 15 milyard ABŞ dollarına çatacağını bildirərək deyir: “...Azərbaycan bu gün dünya miqyasında sərmayə qoyuluşu üçün çox cəlbedici ölkəyə çevrilibdir. Həm iqtisadi sabitlik, valyuta ehtiyatlarımız, siyasi sabitlik və Azərbaycanda həyata keçirilən önəmli layihələrin kommersiya cəlbediciliyi xarici sərmayənin cəlb edilməsində bizə kömək göstərəcəkdir”. Ötən il ölkədə iki milyardıncı ton neft hasil edilmiş, Bakı Gəmiqayırma Zavodunun istehsalı olan “Xankəndi” yeni sualtı tikinti gəmisi suya buraxılmış, bununla da “Şahdəniz-2” layihəsinin həyata keçirilməsinə geniş imkanlar yaradılmış, Xəzər dənizində Heydər Əliyev adına yarımdalma qazma qurğusu istifadəyə verilmişdir. Bu, dünyada 1400 atmosfer sistemi texnologiyasına sahib olan ilk və yeganə qurğudur. Onun yükgötürmə qabiliyyəti 5600, sututumu isə 47500 tondur və bu qurğu vasitəsilə 12,2 min metr dərinliyə qədər quyu qazmaq mümkündür. Ölkəmizin Qarabağ probleminə görə yaşadığı çətinliklərə, qaçqınların və məcburi köçkünlərin problemlərinə, müdafiə xərclərinin böyük vəsait tələb etməsinə, üstəlik neftin qiymətinin aşağı olmasına, dünyada hökm sürən böhrana baxmayaraq, keçən il Azərbaycanın strateji valyuta ehtiyatlarının 4,5 milyard ABŞ dollarından çox artaraq 42 milyard dollara çatması, adambaşına düşən valyuta ehtiyatlarının həcminə görə dünyada öncül yerlərdən birini tutması, ixrac potensialının 19 faiz, o cümlədən qeyri-neft ixracının 24 faiz artması, il ərzində 221 min, o cümlədən 177 mindən çox daimi iş yerinin açılması, işsizliyin 5 faiz, yoxsulluğun 5,4 faiz səviyyəsində olması, ən başlıcası, görülən və nəzərdə tutulan işlər bütövlükdə vətəndaşların güzəranının yaxşılaşdırılmasına və onların problemlərinin müsbət həllinə imkan yaradır. Ölkə Prezidentinin qeyd etdiyi kimi, həyata keçirilən layihələr, o cümlədən strateji yol xəritələrinin icrası ölkəmizin beynəlxalq arenadakı rolunu, çəkisini artırır. Bu gün Azərbaycanın iştirakı olmadan regionda heç bir layihə, hətta heç bir siyasi təşəbbüs reallaşa bilməz. Azərbaycan dünya miqyasında özünü güclü dövlət kimi təsdiqləyib. Azərbaycanın iqtisadi inkişafını əks etdirən göstəricilərdən biri də onun hər il Dünya İqtisadi Forumunun “Qlobal Rəqabətlilik Hesabatı”nda tutduğu yerlərdir. 2017-2018-ci illər hesabatında Azərbaycanın reytinqi 2 pillə yüksələrək 35-ci yerə çıxmış və 12 əsas indikatordan 9-u üzrə yaxşılaşmışdır. Dünya iqtisadiyyatının inkişafında misilsiz rol oynayan və bu il 3 mindən artıq iştirakçısı olan 48-ci Davos İqtisadi Forumunda Azərbaycana və Azərbaycan Prezidentinə çox böyük maraq nümayiş etdirilmişdir. Builki forumda “Parçalanmış dünyada paylaşılan gələcək yaratmaq” mövzusunda müzakirələr aparılmış, 70-dən artıq ölkənin dövlət və hökumət başçıları, dünyanın 900-dən çox aparıcı şirkəti iştirak etmişdir. Bu forumda artıq 12-ci dəfə iştirak edən Azərbaycan Prezidenti ötən illər ərzində 183 görüş, o cümlədən 33 dövlət və 19 hökumət başçısı, 23 nazir və digər hökumət rəsmiləri, 90-dan çox şirkət və 18 beynəlxalq təşkilatın rəhbərləri ilə görüşlər keçirmiş, forumun sessiyalarında 27 dəfə iştirak etmiş, kütləvi informasiya vasitələrinə çoxsaylı müsahibələr vermişdir. Bu forumda diqqəti cəlb edən cəhətlərdən biri də Azərbaycanın “Ekspo-2025” layihəsinə öz namizədliyini irəli sürən ölkə kimi təqdimat mərasimi keçirməsidir. Dünya Bankının hazırladığı “Doing Business 2018” hesabatında da Azərbaycan 8 pillə irəliləyərək 190 ölkə arasında 65-ci pillədən 57-ci yerə yüksəlmiş, həmçinin Avropa və Mərkəzi Asiya regionu üzrə ən islahatçı 3 ölkədən biri hesab olunmuşdur. “Doing Business 2018” hesabatında Azərbaycanın mövqeyinin 10 indikatordan 6-sı, o cümlədən əmlakın qeydiyyata alınması, elektrik enerjisinin əldə edilməsi, kiçik investorların hüquqlarının qorunması və digər göstəricilər üzrə yaxşılaşması da yüksək qiymətləndirilməlidir. Qlobal Rəqabətlilik Hesabatının “Siyasətçilərə ictimai etimad” kateqoriyasında Azərbaycan “Böyük İyirmilik” ölkələrinin bir çoxunu geridə qoymuş, 137 ölkə arasında 20-ci pilləyə yüksəlmiş, eyni zamanda, “Dövlət tənzimlənməsinin yükü” göstəricisinə görə dünyada 15-ci yerdə qərarlaşmışdır ki, bu da ölkə Prezidenti İlham Əliyevin siyasətinə əhalinin və biznes aləminin yüksək etimadının göstəricisidir. 2017-ci ilin nailiyyətlərindən danışarkən ölkədə sənaye sahələrinin inkişafına göstərilən diqqəti də qeyd etməliyik. Azərbaycanda sənayenin inkişafı üçün yaradılan sənaye məhəllələri getdikcə artır. Artıq belə sənaye məhəllələri Neftçalada, Sabirabadda fəaliyyətə başlamış, Balaxanı Sənaye Parkı, digər rayonlarda isə yeni müəssisələr işə düşmüşdür. Sənayenin inkişafına yetirilən diqqət nəticəsində ölkədə sahibkarlıq getdikcə böyük vüsət alır. Neft və qazdan gələn gəlirlər insan kapitalına yönəldilir, infrastruktur layihələrinin icrasına, özəl sektorun inkişafına istiqamətləndirilir. Aparılan iqtisadi islahatlar ölkənin maliyyə ehtiyatlarından səmərəli istifadə olunmaqla həyata keçirilir. 2017-ci ildə respublikada 1953 sahibkarlıq subyektinin investisiya layihələrinin maliyyələşməsinə 146 milyon manat güzəştli kredit verilmişdir və bu kreditlərin 65 faizi regionların, 35 faizi isə Bakı şəhəri və onun qəsəbələrinin payına düşür. İl ərzində güzəştli kreditlərin 67,6 faizi aqrar sektorun, 32,4 faizi müxtəlif sənaye məhsullarının istehsalı və emalının inkişafına yönəldilib. Bunun hesabına 60 müəssisə istifadəyə verilmiş, 40 müəssisədə isə işlər davam etdirilir. Dövlət başçısı Azərbaycan iqtisadiyyatının mühüm və perspektivli sənaye sahələrinə sərmayə qoyuluşunu həmişə dəstəkləmişdir. Dövlətimiz Sahibkarlığa Kömək Milli Fondu vasitəsilə vaxtilə verilmiş, indi isə geri qaytarılmış vəsait hesabına sahibkarlara bu il 170 milyon manat güzəştli kredit verəcəkdir ki, bu da yeni iş yerlərinin yaradılmasına və sürətli inkişafımıza kömək edəcəkdir. Azərbaycanda iqtisadiyyatın inkişafında böyük əhəmiyyəti olan yol-nəqliyyat infrastrukturuna xüsusi diqqət yetirilir. Ötən ilin ən mühüm hadisələrindən birinə çevrilmiş Bakı-Tbilisi-Qars dəmir yolunun oktyabrın 30-da Türkiyə və Azərbaycan prezidentlərinin, bir çox ölkələrin nümayəndə heyətlərinin iştirakı ilə keçirilən unudulmaz açılış mərasimi beynəlxalq aləmdə geniş rezonansa səbəb olmuşdur. Çoxlarına əlçatmaz və xəyal kimi görünən, bir çox güclərin hər vasitə ilə əngəlləməyə çalışdığı bu mühüm layihə Azərbaycan Prezidenti İlham Əliyevin qətiyyəti, dövlətimizin maliyyə dəstəyi sayəsində reallaşmış və ölkəmizin böyük logistika mərkəzinə çevrilməsini təmin etmişdir. Nazirlər Kabinetinin 2017-ci ilin yekunlarına həsr olunmuş iclasında ölkə Prezidentinin qeyd etdiyi kimi, bu yol “...nəinki ölkəmiz üçün, bölgə üçün, dünya üçün önəmli hadisə olmuşdur. Bu yol Bakıdan başlanır. Təsadüfi deyil ki, təntənəli açılış mərasimi Azərbaycanda keçirilmişdir. Uzunluğu 850 kilometrə yaxın olan dəmir yolunun 504 kilometri Azərbaycan ərazisində tikilib, bərpa edilib. ...Azərbaycan bu yolun icrasında ən böyük maliyyə yükünü öz üzərinə götürmüşdür. Bu tarixi layihənin icrası Azərbaycanı beynəlxalq nəqliyyat mərkəzlərindən birinə çevirəcək və artıq çevirir. Yol açılandan sonra qısa müddət ərzində - cəmi 2 ay ərzində bir çox ölkələrdən Bakı-Tbilisi-Qarsa qoşulmaq haqqında bizə müraciətlər olmuşdur”. Bakı-Tbilisi-Qars dəmir yolu ilə yanaşı, qonşu İrandan keçən Şimal-Cənub layihəsinin gerçəkləşməsi üçün də böyük işlər görülür. Ümumiyyətlə, Azərbaycanda yol-nəqliyyat infrastrukturuna külli miqdarda sərmayə qoyulması nəticəsində 2004-cü ildən bu günə qədər 11 min kilometr avtomobil yolu tikilmiş, 6 beynəlxalq hava limanı istifadəyə verilmişdir. Bu gün Azərbaycanda hava və dəniz yolu ilə yükdaşımalara da xüsusi önəm verilir. Bunun üçün 20-yə yaxın yük təyyarəsindən ibarət böyük park yaradılmışdır, hazırda 270 gəmidən ibarət Xəzər donanması fəaliyyət göstərir. Bakı Beynəlxalq Dəniz Ticarət Limanının yükaşırma imkanları 25 milyon tona və ya 500 min konteynerə çatdırılacaqdır. Beynəlxalq yükdaşımalar üçün güclü infrastruktur yaradılması ilə yanaşı, respublikadaxili yolların da çəkilməsinə böyük vəsait qoyulmuş, ayrılmış vəsait hesabına 2017-ci ildə 1300 kilometr avtomobil yolu salınmış, 500-dən çox kəndə yeni və gözəl yollar çəkilmişdir. Azərbaycanda 2017-ci ili həm də kənd təsərrüfatında dönüş ili adlandırmaq olar. Vaxtilə mövcud olan ənənəvi kənd təsərrüfatı sahələrinin müasir texnologiyalar əsasında yenidən bərpa edilməsi məşğulluq səviyyəsinin yüksəldilməsinə, ixrac imkanlarının artırılmasına şərait yaratmışdır. Dövlət başçısının təşəbbüsü ilə aqroparkların yaradılması diqqət mərkəzində olmuş, il ərzində yaradılan 32 iri fermer təsərrüfatına böyük maliyyə dəstəyi göstərilmişdir. Mövcud 38 aqropark ölkənin ixrac potensialını xeyli artırmışdır. Məhz dövlət başçısının tapşırığına uyğun olaraq, ümumi dəyəri 350,6 milyon manat olan 13 aqroparkın yaradılmasına 98,6 milyon manat güzəştli kredit, həmçinin 10 aqropark üzrə dəyəri 390 milyon manat olan 13 layihəyə investisiya təşviqi sənədi verilmiş, son 2 ildə kənd təsərrüfatı texnikasının alınmasına 295 milyon manat ayrılmışdır. İnnovativ meyarlara uyğun qurulan belə aqroparklar gələcəkdə ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsinə və respublika üçün vacib məsələlərdən biri olan yeni iş yerlərinin yaradılmasına kömək edəcəkdir. Kənd təsərrüfatına göstərilən diqqət və qayğı nəticəsində Azərbaycan Dünya İqtisadi Forumunun hesabatında Ərzaq təhlükəsizliyi indeksinə görə 57-ci yerə yüksəlmiş, kənd təsərrüfatının inkişafı üçün böyük meliorasiya işləri aparılmış və lazımi infrastruktur yaradılmış, təkcə meliorasiya sisteminin təkmilləşdirilməsinə 2017-ci ildə 461 milyon manat vəsait yönəldilmişdir. Çox qısa bir müddət ərzində respublikada 18 min hektar fındıq bağı salınmış, 207 min ton pambıq, 245 ton barama, 5200 ton tütün tədarük edilmiş, 400 hektardan çox sahədə yeni istixana kompleksləri yaradılmış, 140 milyon dollar dəyərində pomidor ixrac edilmişdir. Eyni zamanda, daxili tələbatın daha yaxşı təmin edilməsinə başlanmışdır. Ümumilikdə 187 ölkə ilə ticarət əlaqəsi olan, 113 ölkəyə məhsul ixrac edən Azərbaycanın xarici ticarət dövriyyəsi keçən il 10 faizədək artmışdır. Azərbaycan Prezidenti 2017-ci ilin yekunlarından danışarkən bu sahənin daim dövlətin diqqət mərkəzində olduğunu, qısa vaxtda əldə olunan uğurları bir daha qeyd edərək demişdir: “Dövlət ilkin mərhələdə öz dəstəyini göstərir, bundan sonra hər şey yoluna düşəcək... Əgər dövlət lazım olan vaxtda öz dəstəyini göstərməsəydi, bu gün kənd təsərrüfatında 4,1 faiz artımdan söhbət belə gedə bilməzdi və əksinə, bəlkə də bu sahə tənəzzülə uğrayardı”. Ötən il sentyabrın 2-də ölkə Prezidentinin Cəlilabad və Lənkəran rayonlarına səfəri zamanı keçirilən müşavirədə kənd təsərrüfatının inkişafı məsələləri xüsusi müzakirə olunmuşdur. Ölkə Prezidentinin iştirakı ilə bölgələrdə pambıqçılıq, barama, tütün və fındıqçılıq, çay, çəltik və sitrusçuluq üzrə, habelə qeyr-neft ixracatçıları ilə keçirilən müşavirələr bu sahələrin sürətli inkişafına təkan vermişdir. Ümumiyyətlə, Azərbaycanın regionlarının inkişafında ölkə Prezidentinin səfərlərinin böyük təsiri olmuşdur. Təkcə 2017-ci ildə dövlətimizin başçısı ölkənin 28 rayonuna 31 səfər etmiş, müşavirələr keçirmiş, 100-dən çox obyektin açılışında iştirak etmişdir. Azərbaycan Prezidenti respublikanın hər bir regionunun, hər bir rayonunun və kəndinin problemlərini diqqət mərkəzində saxlamağı tövsiyə edir və bunu öz çıxışlarında qeyd edir: “...Azərbaycanda inkişaf dayanıqlıdır və uğurludur. Növbəti illərdə Azərbaycan ancaq və ancaq yüksək sürətlə, böyük uğurlarla irəliyə gedəcək. Qarşıda duran vəzifələr hələ çoxdur. Biz bütün problemləri, insanları narahat edən məsələləri həll etməliyik. Həm Bakının, həm böyük şəhərlərin, ən xırda kəndin də problemi diqqət mərkəzində olmalıdır”. Həyata keçirilən layihələrin və görülən işlərin əsas məqsədi ölkənin iqtisadi və müdafiə qüdrətini artırmaq, əhalinin güzəranını yaxşılaşdırmaq və vətəndaşları narahat edən problemlərin həlli üçün zəmin yaratmaqdır. 2017-ci ildə sosial sahələrin inkişafına 5 milyard 52 milyon manat və ya dövlət büdcəsi xərclərinin 28,7 faizi həcmində vəsait yönəldilmişdir. Ölkə əhalisinin sosial müdafiəsini gücləndirmək üçün ciddi tədbirlər görülmüş, bu məqsədlə dövlət büdcəsində kifayət qədər vəsait nəzərdə tutulmuşdur. Təkcə qaçqınların və məcburi köçkünlərin sosial müdafiəsinin gücləndirilməsi, onların həyat şəraitinin yaxşılaşdırılması üçün dövlət büdcəsindən və Dövlət Neft Fondundan 326 milyon manat vəsait ayrılmışdır. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın Bakı və Abşeron yarımadasında qəzalı binalarda məskunlaşmış 4 mindən çox məcburi köçkün ailəsinin yeni mənzillərə köçürülməsi təşəbbüsü xüsusi sevinclə qarşılanmışdır. Ümumən əhalinin sosial müdafiəsi Azərbaycan dövlətinin ən çox diqqət yetirdiyi məsələlərdən biridir və ölkə Prezidentinin sosialyönümlü siyasəti xalqımız tərəfindən həmişə böyük rəğbətlə qarşılanmışdır. Dövlətin ali məqsədi Azərbaycanın müstəqilliyinin əbədiləşdirilməsi və xalqın rifahının daim yaxşılaşdırılması olduğuna görə vətəndaşları düşündürən, narahat edən problemlərin necə həll edilməsi də çox vacib məsələdir. Azərbaycanda demoqrafik vəziyyətin ildən-ilə yaxşılaşması bu məsələlərin həlli üçün düşünülmüş, realist siyasət yeridildiyini sübut edir. Dövlət başçısının qeyd etdiyi kimi, əhalinin sosial müdafiəsini gücləndirmək üçün 116 mindən çox ailə, bu ailələrin 400 mindən çox üzvü ünvanlı sosial yardımla əhatə olunmuşdur və onlara dövlət hesabına orta hesabla ayda 150 manat yardım göstərilir. Ancaq bunlar əhalinin sosial müdafiəsi üçün görülən işlərin bir hissəsidir. Bu baxımdan keçən il məşğulluq orqanları tərəfindən 47 min 900 nəfərin işlə təmin edilməsi, işsiz əhalinin peşə hazırlığı kurslarına cəlb edilməsi, 15 minə yaxın şəxsə işsizlik müavinətinin verilməsi, işsizliyin və yoxsulluğun daha da azaldılması üçün 76 şəhər və rayonda 1172 kiçik ailə təsərrüfatının yaradılması, İşsizlikdən Sığorta Fondu vasitəsilə yardımlar göstərilməsi, “ABAD” mərkəzlərinin fəaliyyətinin genişləndirilməsi öz nəticələrini verməkdədir. Keçən il məşğulluq mərkəzlərinə edilən müraciətlər 1,7 dəfə azalmışdır. Vətəndaşların təkcə pensiya və müavinətlərinin həcmi 3,4 milyard manat olmuşdur. İşləyən pensiyaçıların hesablarında yığılmış vəsaitdən istifadənin tətbiqi nəticəsində onlara 2,5 milyon manat əlavə vəsait ödənilmişdir. Bundan başqa müstəqilliyimizin qorunmasında xidməti olan şəxslərin və müharibə veteranlarının bir qismi fərdi mənzil və evlə təmin olunmuş, onlara protez-ortopedik məmulat, əlil arabaları verilmiş, 39 mindən çox şəxsə bərpa xidmətləri göstərilmişdir. Ehtiyacı olan hər bir insana diqqət və qayğı göstərilərək onların vətəndaş hüquqları təmin edilmişdir. Məsələn, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə valideyn himayəsindən məhrum uşaqlar üçün yaradılmış “Məzun evi”ndə 209 nəfər yerləşdirilmiş, onların işlə təmin olunmasına şərait yaradılmışdır. Təsadüfi deyildir ki, əhalinin sosial müdafiəsi sahəsində görülən işlərə görə Dünya İqtisadi Forumunun Rəqabətlilik Hesabatında Azərbaycan əmək bazarının səmərəliliyi göstəricisi üzrə 9 pillə irəliləyərək 17-ci yeri tutmuş, MDB üzrə birinci yerə çıxmışdır. Ölkəmizdə həyata keçirilən sosial siyasət digər sahələri də əhatə edir. Bakı şəhərinin şöhrəti gündən-günə artır, o, dünyanın ən gözəl şəhərləri ilə rəqabət aparır. Müasir arxitekturanın tarixlə vəhdəti hamını, o cümlədən paytaxtımıza gələnləri heyran edir. Burada diqqəti cəlb edən əsas cəhətlərdən biri odur ki, şəhərdə aparılan tikinti-abadlıq işləri zamanı əhalinin bütün kateqoriyalarının mənzil şəraitinin yaxşılaşdırılması üçün dövlətin böyük dəstəyi təmin olunur. Bu məqsədlə ölkə Prezidentinin 2016-cı il 11 aprel tarixli Fərmanı ilə yaradılan Mənzil İnşaatı Dövlət Agentliyi güzəştli mənzillərin tikintisini həyata keçirir. Agentliyin ilk layihəsi olan Yasamal yaşayış kompleksi 11,6 hektar sahəni əhatə edir, burada 1843 mənzildən ibarət 29 yaşayış binası, 960 şagird yeri olan məktəb, 240 yerlik uşaq bağçası insanların istifadəsinə veriləcəkdir. Ötən il dekabrın 24-də Hövsan qəsəbəsində ölkə Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın iştirakı ilə yeni kompleksin təməli qoyulmuşdur və bu kompleksdə 11 binada 3002 ailə evlə təmin olunacaqdır. Artıq “Güzəştli mənzil” sistemində 7600-dən çox vətəndaş qeydə alınmışdır. İl ərzində ölkədə məktəb və digər təhsil ocaqlarının tikintisi, təmiri davam etdirilmiş, elmə, təhsilə göstərilən qayğı sayəsində bütün mənbələr hesabına 133 məktəb inşa edilmişdir. Ötən il 14 məktəb əsaslı, 500-ə yaxın məktəb cari təmir olunmuş, bir neçə ali məktəbin yeni korpusları tikilib istifadəyə verilmişdir. 2017-ci ildə Azərbaycanın idman nailiyyətlərini xüsusi vurğulamaq lazımdır. Azərbaycan artıq böyük idman ölkəsi olduğunu sübut etmiş və müstəqillik illərində misilsiz qələbələrə imza atmışdır. Keçən il 43-cü olimpiya idman kompleksi istifadəyə verilmişdir. Ölkəmiz 2017-ci ildə bütün beynəlxalq yarışlarda əldə etdiyi medalların sayına görə dünyada 14-cü yerə çıxmış – qazanılmış 851 medalın 347-si qızıldır – təkcə İslam Həmrəyliyi Oyunlarında 75 qızıl, 50 gümüş və 37 bürünc medal qazanmışdır. “Qarabağ” futbol komandasının ilk dəfə UEFA Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanması da Azərbaycan üçün olduqca sevindirici hadisə olmuş və ölkə Prezidenti tərəfindən yüksək qiymətləndirilmişdir. Azərbaycan gimnastlarının son illərdə, o cümlədən 2017-ci ildə əldə etdiyi nailiyyətlərdə bu idman sahəsinə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın qayğı və diqqəti böyük rol oynamışdır. Xalqın ehtiramından yaranan minnətdarlıq məktubları Azərbaycanın əldə etdiyi heyrətamiz qələbələr davam edir və bunun ardıcıl olacağına, son nəticədə işğal altındakı torpaqlarımızın azad ediləcəyinə, müstəqilliyimizin əbədi olacağına heç bir şübhə yoxdur. Xalqımız Azərbaycan Prezidenti İlham Əliyevin müdrik siyasətinə, qətiyyət və cəsarətinə inanır və bunu öz minnətdarlıq məktublarında səmimiyyətlə etiraf edir. Ölkəmizin sosial-iqtisadi inkişafı, xalqımızın rifahının yüksəlməsi, Azərbaycanın dünya dövlətləri arasında nüfuzunun gündən-günə artması, transmilli layihələrin təşəbbüskarı və əsas iştirakçısı kimi çıxış etməsi və digər qürurverici uğurlar Prezident İlham Əliyevə ünvanlanan çoxsaylı minnətdarlıq məktublarında geniş əksini tapır. Sadə və zəhmətkeş insanların qəlbindən süzülüb gələn sözlərin, ziyalıların və elm adamlarının, xarici ölkə vətəndaşlarının həqiqətə və səmimiyyətə söykənən fikirlərinin maraqlı olduğunu nəzərə alaraq, onların bir hissəsini təqdim etmək istərdik. Xalqın məmnunluğunun ifadəsi olan minnətdarlıq məktubları yeridilən uğurlu daxili və xarici siyasətin, böyük quruculuq işlərinin, aparılan dərin islahatların təcəssümüdür. Bakının Nərimanov rayonundan S.Babayeva yazır: “Ölkəmizin qısa zamanda sürətlə, hərtərəfli və ahəngdar inkişafı, eyni zamanda, müasirləşməsi Sizin müdrik rəhbərliyinizlə baş verir. Azərbaycanın bir sıra sahələrdə dünyaya örnək kimi göstərilməsi ilə fəxr edirik”. Binəqədidən Ə.Nəbiyevin, Qaradağın Sahil qəsəbəsindən İ.Nəsirovun, Suraxanıdan V.Hüseynovun, Naxçıvan şəhərindən G.Əliyevanın, Şərurun Mahmudkənd kəndindən S.Rzayevanın, Lənkəranın Kərgəlan kəndindən Y.Kərimovun, Sumqayıtdan R.Həmidovanın, Şirvandan R.Hüseynlinin, Abşeronun Xırdalan şəhərindən K.Muradxanovun, Ağdaşdan X.Vəliyevin, Füzulidən S.Quliyevin, Xaçmazdan E.Mürsəlovun, Qobustanın Ərəbşahverdi kəndindən Ə.İbadovun, Samuxdan R.Bayramovun, Şabranın Uzunboyad kəndindən Y.Vəliyevin, Tovuzdan el ağbirçəyi P.Hüseynovanın, digər şəhər və rayonlardan olan vətəndaşların müraciətlərində ölkə başçısının əvəzolunmaz xidmətləri xüsusi vurğulanır, müstəqil Azərbaycanın memarı, xalqımızın qəlbində əbədiyaşar şəxsiyyət haqqı qazanmış ulu öndər Heydər Əliyevin siyasi xəttinin layiqincə davam etdirilməsi, xalqımızın milli mənəvi ənənələrinin qorunması, multikultural dəyərlərin inkişafı, dərin təlatümlər və böhranlar dövründə vətənimizdə ictimai-siyasi sabitliyin, əmin-amanlığın qorunub saxlanması, paytaxt Bakının dünyanın ən gözəl şəhərlərindən birinə çevrilməsi ilə bağlı dəyərli fikirlər yer alır.