“Sovetski”də köçürmə prosesinin ikinci mərhələsi barədə qərar veriləcək


Digərləri 13 Fev 2018 11:51:00 319 0

“Sovetski”də köçürmə prosesinin ikinci mərhələsi barədə qərar veriləcək

Yaxın günlərdə Nazirlər Kabineti Bakı şəhərinin "Sovetski" məhəlləsində köçürmə prosesinin ikinci mərhələsinin başlanması barədə qərar verəcək.

Son.az APA-ya istinadən xəbər verir ki, bunu Yasamal Rayon İcra Hakimiyyətində 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş toplantıda rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov deyib. O bildirib ki, prezident İlham Əliyev tərəfindən "Sovetski" adlanan ərazidəki istifadəyə yararsız evlərin satın alınması işlərinin davam etdirilməsi məqsədilə 2018-ci ildə "Təzə Pir" məscidinin yuxarı hissəsində Nəriman Nərimanov prospekti ilə İsmayıl bəy Qutqaşınlı küçəsi arasındakı evlərin satın alınması və həmin ərazinin təmizlənməsi barədə müvafiq tapşırıqlar verilib.

İH başçısı nəzərə çatdırıb ki, 2018-ci ildə həyata keçiriləcək növbəti mərhələdə 2010 yaşayış və qeyri-yaşayış obyektlərinin satın alınması, onların sökülərək ərazinin təmizlənməsi qarşıya qoyulmuş başlıca vəzifələrdən biridir: "Artıq bu məqsədlə vəsait ayrılıb, qiymətləndirici və söküntü təşkilatlarının müəyyənləşdirilməsi məqsədilə tenderlər keçirilib. Yaxın günlərdə ərazidə köçürmə tədbirlərinin başlanması ilə əlaqədar Nazirlər Kabinetinin yeni qərarı gözlənilir".