BQXK nümayəndələri Dilqəm Əsgərov və Şahbaz Quliyevlə görüşdü


Digərləri 12 Fev 2018 17:25:00 301 0

BQXK nümayəndələri Dilqəm Əsgərov və Şahbaz Quliyevlə görüşdü

Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələri (BQXK) Dağlıq Qarabağ münaqişəsi nəticəsində saxlanılan şəxslərə növbəti dəfə baş çəkiblər.

Son.az bildirir ki, bu barədə Trend-ə BQXK-nın Azərbaycan nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova məlumat verib.

Qurum rəsmisi bildirib ki, başçəkmə ötən həftə olub: "Başçəkmə zamanı həmin şəxslərin saxlanma şəraiti və onlarla rəftarla bağlı monitorinq keçirilib".

Qurum nümayəndələri həmçinin Dağlıq Qarabağ münaqişəsi nəticəsində Azərbaycan tərəfində saxlanılan şəxslərə bu ay baş çəkiblər.

Xatırladaq ki, 2014-cü ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülüb, Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb. İşğal altındakı Dağlıq Qarabağda qurulan qanunsuz "məhkəmə"nin qərarı ilə D.Əsgərov ömürlük, Ş.Quliyev 22 il müddətinə azadlıqdan məhrum edilib. Bu ilin fevral ayında isə Azərbaycan vətəndaşı Elnur Hüseynzadə Tərtər rayonu, Talış kəndi istiqamətində naməlum şəraitdə ermənilər tərəfindən saxlanılıb.