İcra Hakimiyyəti: Bayıl yamacındakı tikililərin əksəriyyəti bir gecəyə inşa olunub


Digərləri 12 Fev 2018 12:47:37 330 0

İcra Hakimiyyəti: Bayıl yamacındakı tikililərin əksəriyyəti bir gecəyə inşa olunub

Son iki gündə Səbail rayonu, Bayıl yaşayış massivindəki "Cənub Dərə" adlanan ərazidə yağan intensiv yağıntılar buradakı vəziyyətə də təsir göstərib, yağış suları ərazidə yaranmış çatlara dolaraq torpağın alt qatlarına da hopub. Bunun da nəticəsində sürüşməyə meyilliyin mərkəzində vətəndaşlara məxsus 4 fərdi ev tam, 1-i isə qismən dağılıb.

Son.az bildirir ki, bunu Trend-ə Səbail Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini İsrafil Kərimov deyib.

O əlavə edib ki, əhalinin bu ərazidən vaxtında köçürülməsi ilə əlaqədar xəsarət alan olmayıb. İcra hakimiyyəti tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində uçan və həmin evlərin yaxınlığındakı tikililərdə vətəndaşların əmlakı çıxarılaraq nəqliyyat vasitələri ilə başqa yerlərə daşınıb:

"Bu ərazidə sürüşmə hadisələri çox-çox əvvəllər də olub. Arxiv məlumatlarına əsasən, ilk belə hadisə 1842, 1847, 1874-cü illərdə də qeydə alınıb. Sonradan da ərazidə bu hallar baş verib, sonuncu böyük sürüşmə hadisəsi isə 2000-ci ildə olub. Bundan sonrakı vaxtlarda da ara-sıra bu ərazidə kiçik sürüşmələr olur. Hələ 19-cu əsrin əvvəllərində Bakı şəhəri əhalisinin sayı 5 minə yaxın olub, həmin əsrin sonlarında isə Bakıda yaşanan neft bumu nəticəsində əhalinin sayı 100 minə çatıb. 19-cu əsrdə Bayılın bu hissəsində ümumiyyətlə yaşayış olmayıb. Lakin həmin dövrdə də bu ərazidə sürüşmə prosesləri baş verib. Apardığımız araşdırmalar nəticəsində Bayıl yamacındakı tikililərin faiz baxımından təqribən 20-25%-nin ötən əsrin 60-70-cı illərində, qalanlarının da 1990-2000-ci illərdə qeyri-qanuni olaraq bir gecəyə tikildiyi evlər olduğu müəyyən edilib".