"Yeni qaydalara görə heç kəs pasportunu, şəxsiyyət vəsiqəsini dəyişməyəcək"


Digərləri 12 Fev 2018 08:07:00 417 0

"Yeni qaydalara görə heç kəs pasportunu, şəxsiyyət vəsiqəsini dəyişməyəcək"

Son.az Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, AMEA Orfoqrafiya Komissiyasının sədr müavini, akademik İsa Həbibbəylinin orfoqrafiya qaydalarına edilən son dəyişikliklərlə bağlı Trend-ə müsahibəsini təqdim edir.

- Yeni orfoqrafiya qaydaları ilə bağlı müzakirələr nə zamanadək davam edəcək?

- AMEA Orfoqrafiya Komissiyası hələ ki, müzakirələrin başa çatması haqqında hər hansı qərar qəbul etməyib. Amma mətbuatdakı, sosial şəbəkələrdəki məlumatlardan görünür ki, cəmiyyətin demək olar ki, bütün üzvləri orfoqrafiya qaydalarına öz münasibətlərini bidiriblər. Bu məsələ demək olar ki, gündəmdən düşüb. Ona görə də biz Orfoqrafiya Komissiyasının iclasına yığışaraq müzakirələrin dayanması haqqında qərar qəbul edəcəyik. Bu günlərdə yəqin ki, müzakirə prosesinin dayandığını elan edəcəyik. Dilçilik İnstitutu ilə Orfoqrafiya Komissiyasının birgə yaratdığı işçi qrup hələ müzakirələr bitməmiş daxil olan çoxsaylı məlumatların təhlili ilə məşğul olmağa başlayıb. Orfoqrafiya qaydalarının müzakirəsi dayandıqdan sonra isə işçi qrup tam gücü ilə təhlil işləri ilə məşğul olacaq. İşçi qrup mətbuatda indiyədək səslənən məlumatların statistikasını toplayaraq onların hər bir ilə bağlı təhlil aparacaq. Bu da çox vaxt tələb edən məsələdir. Bu işə 1 aydan çox vaxt lazım olacaq. İctimaiyyətə də bildirmək istəyirəm ki, bu təkliflər də dilçi alimlərin dəyərləndirməsindən sonra müzakirə olunacaq. Ola bilsin ki, Orfoqrafiya Komissiyası işçi qrupun təhlil etdiyi məlumatları bir yox, bir neçə iclasda müzakirə edərək qərar qəbul etsin. Bu, tale yüklü məsələdir. Mən bu müzakirələrin aparılmasında maraqlı olan tərəflərə də bildirmək istəyirəm ki, biz dili yox, qaydaları müzakirə edirik. Bu qaydalar indiyədək bir neçə dəfə müzakirə edilib. Hələ sovet dövründə Orfoqrafiya Komissiyası 102 sözün yazılışının dəyişdirilməsi barədə qərar qəbul edib.

- Orfoqrafiya Komissiyasına yeni qaydalarla bağlı hansı təkliflər daxil olub?

- Komissiyaya 300-dən çox təklif daxil olub və yeni təkliflərin daxil olması davam edir. Orfoqrafiya Komissiyası kollegial şəkildə qərar qəbul etdikdən sonra bu təkliflər cəmiyyətə açıqlanacaq. Biz orfoqrafiya qaydalarının 69 maddədən ibarət olmasını təklif etmişik. Amma gələn rəylər arasında bizim düşünmədiyimiz yeni qaydaların əlavə edilməsi də təklif olunur. Komissiya bunlara da baxacaq.

- Bildirmişdiniz ki, bəzi sözlərin - "İsgəndər", "əsgər", "alqı-satqı" kimi sözlərin yazılış qaydası dəyişdirilməyə bilər. Belə sözlərin sayının artması mümkündür?