Tramp “Rusiya işi” üzrə sənədi bloklayıb


Dünya 10 Fev 2018 08:30:00 257 0

Tramp “Rusiya işi” üzrə sənədi bloklayıb

ABŞ prezidenti Donald Tramp demokratların Rusiyanın seçkilərə müdaxiləsinə dair hazırladıqları məxfi sənədin dərc edilməsini bloklayıb.

Son.az APA-ya istinadən xəbər verir ki, bununla bağlı dövlət başçısının hüquq məsləhətçisi Don Makqen Nümayəndələr Palatasının Kəşfiyyat üzrə Komitəsini məlumatlandırıb.

Qeyd edilib ki, milli təhlükəsizliyin təmin edilməsi baxımından sənədin dərc edilməsi məqsədəuyğun deyil. Bununla belə bildirilib ki, administrasiya sənədin yeni versiyasını nəzərdən keçirməyə hazırdır. "Ədliyyə nazirliyinin əməkdaşları sənədə yenidən baxılması üçün Komitə üzvlərinə texniki yardım göstərə bilərlər", məktubda deyilir.

Fevralın 6-da ABŞ Nümayəndələr Palatasının Kəşfiyyat üzrə Komitəsi demokratların hazırladığı "Rusiya işi" üzrə məxfi sənədin dərc edilməsinin lehinə səs verib. Donald Tramp beş gün ərzində sənədin dərci ilə bağlı qərar verməli idi.

Bundan əvvəl, fevralın 2-də respublikaçı konqresmenlər Federal Təhqiqatlar Bürosu (FTB) tərəfindən Donald Trampın komandasının Rusiya ilə əlaqələrini araşdırarkən səlahiyyətlərini aşdıqlarına dair məruzə yayıb.