İrsi qan xəstəliklərinin yayılması nə ilə bağlıdır?


Digərləri 09 Fev 2018 22:34:30 333 0

İrsi qan xəstəliklərinin yayılması nə ilə bağlıdır?

Qan xəstəliklərinin geniş yayılmasının səbəbləri məlumdurmu? Son illərdə daha çox yayılan qan xəstəlikləri hansılardır? İrsi qan xəstəliklərinin qarşısını almaq mümkündürmü? Azərbaycanda talassemiyanın daha çox yayılması nə ilə bağlıdır? Talassemiya daşıyıcıları üçün hansı risklər var? Son.az bildirir ki, APA TV-nin "Öncə sağlıq" layihəsinin növbəti buraxılışında qonaq olan Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun hematologiya şöbəsinin müdiri, hematoloq Gülbəniz Quliyeva bu və başqa suallara aydınlıq gətirib.

G. Quliyevanın sözlərinə görə, bütün dünyada həm qazanılmış, həm də irsi qan xəstəliklərinə geniş rast gəlinir.

Qazanılmış qan xəstəliklərindən birinin də dəmir defisitli anemiyalar olduğunu deyən hematoloq bildirib ki, bu problem bütün dünyada böyük faiz təşkil edir.

İrsi qan azlığı xəstəliklərinə də çox rast gəlindiyini açıqlayan mütəxəssis deyib ki, bu xəstəliklər arasında Azərbaycanda ən geniş yayılanı talassemiyadır. Hematoloqun sözlərinə "Betta talassemiya" Azərbaycanda endemik ocaq sayılır: "Qazanılmış talassemiya gen defektidir. Bu defekt uşağa bir və ya hər iki valideyndən keçə bilər. İki valideyndən keçən xəstəlik böyük və orta talassemiyadır. Bu, uşaqlarda bir yaşdan sonra özünü büruzə verir. Əsasən qan azlığı, dalağın, qaraciyərin böyüməsi, sümüklərin konfiqurasiyasının dəyişməsi, dərinin saralması, xroniki parçalanma kimi simptomlar əmələ gətirir".

G.Quliyeva həmçinin Azərbaycan əhalisi arasında talassemiya xəstəliyinin 8-9% təşkil etdiyini bildirib.

Hematoloq deyib ki, bu baxımdan evlənən cütlüklərin nikahdan öncə talassemiya ilə bağlı müayinəsi məqsədəuyğun hesab edilir. O, talassemiya daşıyıcılığının qorxulu hal olmadığını açıqlayıb: "Talassemiya geninin daşıyıcılığı qorxulu xəstəlik deyil, sadəcə, gen defektidir. Gələcəkdə bir formanın başqa bir formaya keçməsi qətiyyən mümkün deyil. Övlad valideyndən hansı geni götürübsə, həyatının sonuna qədər həmin geni daşıyır. Yeganə risk var, bu da iki talassemiya daşıyıcısının nikaha daxil olmasıdır. Yalnız nikahdan öncə bilməlidirlər ki, gələcək nəslin sağlam olması üçün kiminlə evlənmək olar".