Dərbənd rayon administrasiyası Maqomed Cəlilovun saxlanılması barədə məlumatı təkzib edib - YENİLƏNİB


Dünya 09 Fev 2018 12:28:00 299 0

Dərbənd rayon administrasiyası Maqomed Cəlilovun saxlanılması barədə məlumatı təkzib edib - YENİLƏNİB

Dərbənd rayon administrasiyası: Maqomed Cəlilov iş yerində otağındadır

Dağıstanın Derbənd rayonunun rəhbəri Maqomed Cəlilov saxlanılmayıb və iş yerində otağındadır.

Bu barədə "Reportun Rusiya bürosuna Dərbənd rayon administrasiyasının mətbuat xidmətinin rəhbəri Tərlan Ələkbərov bildirib.

Onun sözlərinə görə, FTX əməkdaşları bəzi torpaq məsələləri ilə bağlı sənədlərin planlaşdırılmış yoxlamasını həyata keçirib, hüquq-mühafizə orqanlarının Dərbənd rayonunun başçısına qarşı heç bir narazılığı yoxdur.

T.Ələkbərov həmçinin rayon başçısının qardaşı, Dərbənd Şəhər Şurasının deputatı Zülfəddin Cəlilovun saxlanılması barədə şayiələri də təkzib edib. "Bu məlumatlar rayon başçısına qarşı olan bəzi qüvvələr tərəfindən yayılıb", - o əlavə edib.

Qeyd edək ki, Maqomed Cəlilov etnik azərbaycanlıdır və 2015-ci ilin əvvəlində Dərbənd rayon başçısı təyin olunub.

***10:32

Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin (FTX) əməkdaşları Dərbənd rayonunun rəhbəri Maqomed Cəlilovu saxlayıblar. 

Bu barədə "Report" Rusiya KİV-inə istinadən xəbər verir.

Hüquq-mühafizə orqanlarındakı mənbənin məlumatına görə, M.Cəlilov dindirilmədən sonra saxlanılıb. Rayon başçısı torpaq sahələrinin satışı ilə bağlı maxinasiyalarda şübhəli bilinir.

Mənbənin bildirdiyinə görə, bundan bir neçə saat əvvəl Maqomed Cəlilovun qardaşı, Derbent Şəhər Şurasının deputatı Zülfəddin Cəlilov da saxlanılıb.

Qeyd edək ki, əvvəllər Z.Cəlilovu qətl törətməkdə şübhəli bilərək güc strukturları tərəfindən saxlanılıb, lakin tezliklə azad edilib.